“Qızını başqasına ərə vermə” – Bir əsgərin məktubu kəndi qarışdırdı
Biləcəri hərbi toplanış məntəqəsində zabit Ukraynada hərbi xidmət keçəcəyimizi deyəndə yerimizdə donduq. Çünki Çernobıl faciəsi cəmi iki ay idi baş vermişdi. Ağlımızda gələn ilk fikir də bizi həmin əraziyə qəzanın nəticələrini aradan qaldıqmaq üçün aparacaqları olmuşdu. Lakin həmin zabit əsgərliyimizi çəkəcəyimizin şəhərin Çernobıldan səkkiz yüz kilometr aralı olduğunu deyəndə toxdadıq.
Əsgərliyim əksər azərbaycanlının hər xidmət “düsturu”na uyğun keçməyim. Elə ilk gündən anladım ki, əsgərlikdən qayıdanların çoxu yaşadıqlarını deyil, xəyallarında yaratdıqları əsgərlik illərini danışıblar. Bir sözlə, əsgərlik illərim sonralar eşitdiyim bir çox əsgərlik əhvalatlarından bir qədər fərqli keçib.
Amma Vətəndən uzaqda, doğmalardan ayrı yaşanan iki ilin öz xatirələri vardı. Bəziləri zaman keçdikcə yaddaşdan silinir, bəziləri isə nə qədər illər ötsə də, adamın yadına düşəndə üzündə təbəssüm yaradır.
Belə xatirələrdən biri də bizim bölükdə xidmət edən bir həmyerlimizlə bağlıdır. Adını yazmayacağam. Rayonunu da. Nə olar, nə olmaz. Həmin əsgər yoldaşım yazıb-oxumaq bilmədiyindən ailəsinə məktubları mən yazırdım. Təbii ki, evdən gələn cavab məktublarını oxumaq da mənə düşürdü. Beləcə, bir müddət onun ailəsi ilə arasındakı məktublaşmanın səssiz iştirakçısına çevrilmişdim. Məktublar adətən eyni cür başlayırdı:
– Yaz ki, ana, mən yaxşıyam. Nigaran qalmasın.
Sonra evdə kim nə edir, qonşunun inəyi bala veribmi, əmisi oğlu evlənibmi, kənddə kim xəstələnib, kim şəhərə gedib, hamısını bir-bir danışırdı. Mən də onun dediklərini bir qədər səliqəyə salıb məktuba çevirirdim. Bir gün məni kənara çəkdi. Səsində qəribə bir ciddilik vardı.
– Sənə bir söz deyəcəyəm.
– De.
– Mən qonşunun qızını istəyirəm.
Əsgərlikdə adam üçün bu, elə də təəccüblü xəbər deyildi. İki il uzaqda olan adamın kənddə qoyub gəldiyi nə varsa, hamısı bir az da qiymətli görünür.
Dedim:
– Yaxşı, istəyirsən, nə edək?
– Mənim adımdan ona məktub yaz.
– Qıza?
– Hə.
– Nə yazım?
Bir qədər fikirləşdi.
– Yaz ki, onu sevirəm.
– Bəs qız da səni sevir?
Bu sualı verəndə bir anlıq susdu.
– Bilmirəm.
– Heç danışmısınız?
– Danışmışam. Amma hər dəfə mənə kobud cavab verib. Qovub məni…
– Bəs haradan bilirsən ki, məktubunu oxuyandan sonra səni gözləyəcək?
Bir az düşündü.
– Bilmirəm. Amma yaz.
Mən də ona başqa bir yol göstərdim:
– Gəl, qıza yox, atasına yazaq.
Təklifim əvvəlcə ona bir qədər qəribə gəldi. Sonra düşündü və razılaşdı.
Məktubu yazmağa başladım.
Əvvəl qürbətin soyuğundan danışdım. Sonra əsgərliyin hər kişiyə düşən Vətən borcu olduğunu yazdım. İki ilin necə çətin keçdiyini, amma insanın bu borcu şərəflə yerinə yetirməli olduğunu dedim.
Sonra mətləbə keçdim.
Onun dilindən qızın atasına xahiş etdim ki, qızını hərbi xidmətim başa çatanadək heç kimə ərə verməsin. Xidməti bitirib qayıdacaq, evlənmək niyyəti var.
Məktubun sonunda bir qədər də ehtiyatlı davrandım. Axı söhbət qız atasından gedirdi. Həmyerlim isə mənə arada:
– Yaz ki, mən ciddi deyirəm.
– Yazdım.
– Yaz ki, fikrim dəyişməyəcək.
– Yazdım.
– Yaz ki, qızı gözləsin.
– Onu da yazdım.
Məktub getdi. Bundan sonra gözləmək başladı. Birinci həftə sakit idi. İkinci həftə hər axşam məktublar əsgərlərə paylananda həyəcanla adının oxunacağını gözləyirdi. Bu zaman adamın üzündə qəribə ifadə yaranırdı. Nəhayət, üçüncü həftə məktub gələn əsgərlərin siyahısında bölük komandiri adını çəkməyəndə artıq səbrsizlik özünü göstərirdi.
– Görəsən, məktub çatıb?
– Çatıb.
– Bəlkə cavab yazmayıblar?
– Ola bilər.
– Niyə?
– Mən haradan bilim?
Bir aydan çox keçdi. Və bir gün məktub gəldi. Amma məktub qızın atasından deyildi. Həmyerlimin bacısı yazmışdı məktubu. Adət gərəyi məktubu yenə mən oxumalı oldum. Məktubu açdım. İlk sətirləri oxuyanda bir anlıq dayandım. Sonra yenidən oxudum. Məktub “xoş” sözlərlə, “dua”larla zəngin idi:
– Səni görüm, əsgərlikdən sağ-salamat gəlməyəsən! Qanına bulaşasan səni! Sənin qardaş boyunu yerə soxum!
Həmyerlim üzümə baxdı.
– Nə yazır?
– Ailən sənin üçün çox narahatdır.
– Oxu.
Oxudum:
– Sən kimin qızına məktub yazdırmısan?! Qonşunun qızına?! Atası hər gün gəlib bizim evdə dava salır! Evdə rahatlıq qalmayıb! Sənə görə qonşuluq pozulub!
Məktubu oxumağa davam etdim. Ən maraqlı “payı” mənim üçün ayırmışdılar:
– O məktubu yazanın da əlləri qurusun! Barmaqları çürüsün! Nə ağıl verib sənə, ay qardaş?!
Mən burada məktubu bir anlıq qatlayıb, fasilə verdim. Həmyerlim soruşdu:
– Mənə nə deyir?
– Sənə hələ çox söz deyir.
– Bəs qız?
– Qızdan danışmır.
– Niyə?
– Narahat olma, qız qalıb kənarda, atası hər gün sizin həyətdədi. Səbrsizliklə sənin əsgərlikdən kəndə qayıtmağını gözləyir. Sonralar məktublardan və müxtəlif yollarla gələn xəbərlərdən hadisənin əslini öyrəndik. Məlum oldu ki, qızın atası bizim məktubdan sonra onların evinə hücum çəkib. Kənddə qonşu davası başlayıb.
Ən qəribəsi isə bu idi ki, kəndə qonşu davası gedərkən hadisənin əsas qəhrəmanı Ukraynada əsgərlikdə idi. Yəni iki ailə onun adından dava edirdi, özü isə minlərlə kilometr uzaqda, nə baş verdiyindən xəbərsiz, hər gün eyni saatda səhər durub sıraya düzülürdü. Mən isə bütün bunların ortasında dayanıb öz-özümə fikirləşirdim:
Görəsən, bir məktub bu qədər iş görə bilərmi?
Sonralar başa düşdüm ki, görürmüş. Çünki məktub bəzən adamın deməyə cəsarət etmədiyini deyir. Bəzən də adamın ağlına gəlməyən şeyi onun adından deyir.
Həmyerlim isə hadisənin bu qədər böyüdüyünü eşidəndə əvvəl bir qədər susdu.
Sonra dedi:
– Mən qayıdana qədər sakitləşərlər.
Hərbi xidmətimiz başa çatdı. Həmyerlim məndən əvvəl Azərbaycana qayıtdı. Tək. Mən də ondan bir neçə gün sonra evə döndüm. Həyat davam etdi. Əsgərlikdə yaşanan hadisələrdən də bir çoxu zamanla yaddaşın hansısa küncünə çəkilib getdi. Amma o məktub yadımdan çıxmadı. İllər keçəndən sonra bəzən fikirləşirəm:
Görəsən, qonşu davası bitibmi?
Bəlkə də hər şey çoxdan unudulub. Bəlkə həmin məktub indi hansısa sandığın dibində, saralmış kağızların arasında qalıb. Bəlkə də o məktubdan sonra qız başqa birinə ərə gedib, həmyerlim də çoxdan ailə qurub və bütün bu hadisələr indi onların da yadına yalnız gülməli bir əhvalat kimi düşür.
Amma bir ehtimal da var. Bəlkə o qonşu davası heç vaxt tam bitməyib. Axı kəndlərdə bəzi davaların sonu olmur. Sadəcə, bir müddət səs-küyü kəsilir. Sonra nə vaxtsa bir toyda, bir yasda, bir həyətdə, bir stəkan çayın yanında yenidən xatırlanır.
Bəlkə o məktubu yazdığım gün mən sadəcə bir əsgərin sevgisini Vətənə göndərmək istəmişdim. Amma məktub kəndə sevgi yox, qonşu davası gətirmişdi…

Rəsul Mirhəşimli









