“Qızlarımızın uğurları insan kapitalının inkişafına töhfə verəcək” – Təhsil eksperti
Prezident İlham Əliyevin Sərəncamı ilə qəbul imtahanlarında ən yüksək nəticə göstərən 102 tələbəyə Prezident təqaüdünün verilməsi təhsil sahəsində əldə olunan uğurların göstəricisidir.
Təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında təqaüdçülər arasında 54 nəfərin qız olmasına diqqət çəkərək, bunun qızların təhsil sahəsindəki nailiyyətlərini bir daha nümayiş etdirdiyini bildirib.
Ekspert qeyd edib ki, PISA 2025 nəticələrinə görə qızların riyazi savadlılığının oğlanlardan yüksək olması, eləcə də beynəlxalq və yerli fənn olimpiadalarında qızların fərqlənməsi onların gələcəkdə insan kapitalının inkişafına mühüm töhfələr verəcəyini deməyə əsas verir.
Etibar Əliyevin fikrincə, dövlətin əsas məqsədlərindən biri dünyəvi təhsil sisteminin inkişafını və möhkəmlənməsini təmin etməkdir. Bu baxımdan qanunlara və müəyyən edilmiş qaydalara riayət olunması xüsusi əhəmiyyət daşıyır.
Təhsil eksperti vurğulayıb ki, son hadisələr bir sıra mühüm məqamları üzə çıxarıb. Onun sözlərinə görə, böyük Zəfər qazanmış Azərbaycanın yeni ideoloji əsaslarını həmrəylik, müstəqillik, maarifçilik, elmin və təhsilin inkişafı təşkil etməlidir.
“Məktəb heç zaman nə dövlətin, nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz. Bütün dünyada dövlət məktəbi öz himayəsinə alır”, – deyə Etibar Əliyev bildirib.
Ekspert hesab edir ki, məktəblərdə tədrisin, tərbiyənin və fiziki hazırlığın yüksək səviyyədə təşkili bu sahədə peşəkarlığı və təcrübəsi olan şəxslərə həvalə edilməlidir. O, məktəbi gəlir mənbəyinə çevirməyə çalışan, təhsil müəssisəsinin idarə edilməsində peşəkarlıq nümayiş etdirməyən şəxslərin bu işdən uzaqlaşdırılmasının və onların fəaliyyəti ilə bağlı müvafiq tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
Etibar Əliyev Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri dövlətin, liderin və xalqın birliyinin nəticəsi kimi qiymətləndirib. Onun fikrincə, həmin dövrdə nümayiş etdirilən birlik və qətiyyət ölkənin qarşısında duran digər vəzifələrin həyata keçirilməsi üçün də mühüm təcrübədir.
Ekspert bu gün cəmiyyətdə müşahidə olunan həmrəyliyin gələcək inkişaf baxımından əhəmiyyətini vurğulayaraq bildirib ki, dövlətin təhsil, elm və maarifçilik sahələrində də yüksək nəticələr əldə etməsi üçün mövcud birlik qorunmalı və daha da gücləndirilməlidir.
“Biz birlikdə güclüyük!” – deyə Etibar Əliyev fikirlərini yekunlaşdırıb.
Əli Fərhad










