Qızların elmə marağının dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır - Bahar Muradova
Müasir dövrdə təhsilin məzmunu sürətlə dəyişir. Rəqəmsal texnologiyalar, süni intellekt, elmi yeniliklər və əmək bazarının yeni tələbləri gənclərdən çevik düşüncə, yaradıcı yanaşma, texnoloji savadlılıq və daim öyrənmək bacarığı və istəyi tələb edir. Qızlarımızın bu dəyişikliklərə hazır olması, elmə, mühəndisliyə, informasiya texnologiyalarına, hüquqa və digər perspektivli sahələrə marağının dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır.
ERAmedia xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qızların Təhsilinə Dəstək” 2026 layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində çıxış edərkən deyib.
“Eyni zamanda, ali təhsilə yiyələnmək gələcək uğurlarımızın da mühüm başlanğıcıdır. Onun davamlı olması üçün gənclərin qazandıqları bilikləri praktiki bacarıqlara çevrilməsinə, peşəkar mühitlə tanış olmasına, təcrübə qazanmasına və öz imkanlarının reallaşdırılmasına da şərait yaradılmalıdır”, – deyə o qeyd edib.
Komitə sədri bildirib ki, ailənin dəstəyi, müəllimlərin istiqamətləndirməsi, təhsil müəssisələrinin yaratdığı imkanlar və iş dünyasının əməkdaşlığa hazırlığı və iştirakı bu prosesin bir-birini tamamlayan tərəfləridir.









