Qlobal enerji ŞOKU: Körfəzdə gərginlik dərinləşir – TƏHLİL
Körfəzdə davam edən müharibənin 8-ci həftəsi ilə dünya enerji bazarında ciddi dönüş müşahidə olunur.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Hörmüz boğazından keçidin faktiki dayanması və ABŞ-ın tətbiq etdiyi blokada qlobal neft və qaz təchizatında “boz zona” logistikasını sürətlə sıradan çıxarır.
Deputatın sözlərinə görə, indiyədək vəziyyəti müvəqqəti həllərlə idarə edən Asiya nəhəngləri (Hindistan və Çin) artıq ehtiyat imkanlarının sürətlə azalması ilə üz-üzədir:
“Xüsusilə Hindistan daha həssas mövqedədir. Körfəz ölkələri bu ölkə üçün yalnız xam neft deyil, həm də məişətdə geniş istifadə olunan sıxılmış qazın əsas mənbəyidir. Ehtiyatların azalması artıq real çatışmazlığa çevrilir”.
Tahir Mirkişili qeyd edib ki, bu proseslərin iqtisadi təsirləri qaçılmazdır. Onun fikrincə, Hindistanda dizel qiymətlərinin artımı həm inflyasiyanı gücləndirəcək, həm də iqtisadi artımı zəiflədəcək: “Valyutanın zəif olduğu şəraitdə bu cür addımlar daxili bazara əlavə təzyiq yaradır və ixrac məhdudiyyətləri ehtimalını artırır”.
Deputat əlavə edib ki, Çin daha hazırlıqlı görünür: “Böyük həcmdə strateji ehtiyatlar və uzunmüddətli enerji siyasəti Çinə vaxt qazandırır. Amma bu, problemi həll etmir, sadəcə gecikdirir”.
Onun sözlərinə görə, artıq dövlətə məxsus emal müəssisələri istehsalı azaldır, kiçik özəl zavodlar isə xammal çatışmazlığı, yüksək qiymətlər və sanksiya riskləri ilə üzləşərək fəaliyyətlərini məhdudlaşdırmağa məcbur qalır.
Tahir Mirkişili böhranın ən ciddi göstəricilərindən birinin üzən ehtiyatların sürətlə azalması olduğunu vurğulayıb: “Əvvəllər bazarda çevik tampon rolunu oynayan bu ehtiyatların azalması hər yeni təchizat fasiləsini daha ağrılı edir”.
Onun fikrincə, Rusiya neftinə tətbiq edilən endirimlərin azalması və İran neftinin bazara çıxışında çətinliklər vəziyyəti daha da gərginləşdirir: “Bu faktorlar birlikdə qlobal bazarda təklifin daralmasına səbəb olur.”
Deputat sonda bildirib ki, beynəlxalq qiymətləndirmələrə görə, Hörmüz boğazının bağlı qalması dünya neft təklifinin təxminən 10 faizinin bazardan çıxması deməkdir:
“Bu, artıq təkcə qiymət artımı məsələsi deyil. Neft getdikcə əlçatmaz resursa çevrilir. Böyük iqtisadiyyatlar müəyyən müddət buna dözə bilər, lakin kiçik ölkələr üçün bu, ciddi sınaqdır”.
Onun qənaətincə, regionda gərginlik davam etdikcə və sanksiyalar sərtləşdikcə qlobal iqtisadi vəziyyət daha da ağırlaşacaq.
Vural










