Qlobal hərbi xərclər rekord həddə çatır: 3 trilyon dollarlıq yarış
2022-ci ildə dünyada hərbi xərclər tarixdə ilk dəfə 2 trilyon dollar həddini keçdi və son illərdə bu artım daha da sürətlənərək təxminən 2,9 trilyon dollara çatdı.
ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bu tendensiyanın qlobal təhlükəsizlik mühitində ciddi dəyişikliklərin göstəricisi olduğunu bildirir.
Onun sözlərinə görə, Stokholm Beynəlxalq Sülh İnstitutunun (SIPRI) araşdırmaları son 11 il ərzində hərbi xərclərin fasiləsiz artdığını ortaya qoyur. Bu artım xüsusilə böyük güclər arasında rəqabətin dərinləşməsi ilə izah olunur.
Kənan Rövşənoğlu qeyd edir ki, qlobal hərbi xərclərin yarıdan çoxu ABŞ, Çin və Rusiyanın payına düşür. ABŞ isə bu sahədə açıq fərqlə lider mövqeyini qoruyur. Bildirilir ki, ABŞ-ın hərbi xərcləri bu il təxminən 1 trilyon dollara, növbəti il isə 1,5 trilyon dollara çata bilər.
Araşdırmaçı jurnalist hesab edir ki, bu rəqəmlər sadəcə statistik göstərici deyil, həm də bəşəriyyətin prioritetlərinin göstəricisidir: “Bu, artıq çox işlənmiş bir mövzu olsa da, reallıq dəyişmir. Görünən odur ki, insanlıq müdrikləşmək əvəzinə, getdikcə daha riskli və emosional qərarlar verən ‘dəli oğlan’ kimi davranır”.
Onun fikrincə, hərbi xərclərə ayrılan trilyonlarla vəsait alternativ sahələrə yönləndirilsə, qlobal problemlərin həllində ciddi irəliləyiş əldə etmək mümkündür. “3 trilyon dollarla iqlim dəyişikliyi ilə mübarizə, yoxsulluğun azaldılması və təhsil sistemlərinin inkişafı kimi istiqamətlərdə böyük dönüş yaratmaq olar. Hətta bu vəsait planetin xilası üçün real imkanlar yarada bilər”, – deyə o vurğulayıb.
Mütəxəssislər isə hesab edir ki, mövcud geosiyasi gərginliklər fonunda hərbi xərclərin azalması qısa müddətdə real görünmür. Buna baxmayaraq, artan rəqəmlər qlobal səviyyədə yeni müzakirələrin və prioritetlərin yenidən nəzərdən keçirilməsinin vacibliyini gündəmə gətirir.
Vural









