Qlobal idman məkanında yüksələn Azərbaycan - ŞƏRH

Azərbaycan son illərdə beynəlxalq idman tədbirlərinin keçirildiyi aparıcı mərkəzlərdən birinə çevrilib və bu status məqsədyönlü dövlət siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində formalaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən olunan inkişaf strategiyası ölkəni qlobal idman məkanında etibarlı tərəfdaş və peşəkar təşkilatçı kimi mövqeləndirib. Bu yanaşma Azərbaycanın beynəlxalq yarışlardakı rolunu əhəmiyyətli dərəcədə artıraraq onu həm fəal iştirakçı, həm də yüksək səviyyəli ev sahibi kimi tanıdıb. Yaranmış bu mühit idmanın geniş yayılmasına və cəmiyyətdə ona münasibətin daha şüurlu və davamlı xarakter almasına mühüm təsir göstərir. Bakıda və regionlarda keçirilən nüfuzlu idman tədbirləri bu inkişafın konkret təzahürüdür. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, eləcə də müxtəlif dünya və qitə çempionatları ölkənin idman həyatına yeni dinamika gətirib. Bu yarışlar həm rəqabət meydanı, həmdə eyni zamanda cəmiyyət üçün güclü motivasiya platforması rolunu oynayır. Yarışların geniş auditoriya tərəfindən izlənilməsi, yüksək təşkilatçılıq səviyyəsi və müasir idman infrastrukturu gənclərin idmana marağını artırır, onları daha fəal və məqsədyönlü fəaliyyətə sövq edir. Beləliklə, idman gündəlik həyatın ayrılmaz tərkib hissəsinə çevrilir və ona maraq sabit xarakter alır. İdman infrastrukturunun inkişafı bu prosesin əsas sütunlarından biri kimi çıxış edir. Ölkənin müxtəlif bölgələrində tikilən və yenidən qurulan idman obyektləri həm peşəkar hazırlıq, həm də kütləvi idman üçün geniş imkanlar yaradır. Regionlarda keçirilən yarışlar idman həyatının coğrafiyasını genişləndirir, paytaxtla yanaşı bölgələrdə də bu sahəyə marağı artırır. Bu yanaşma istedadlı gənclərin aşkara çıxarılmasına və onların sistemli şəkildə inkişaf etdirilməsinə şərait yaradır. Paralel şəkildə həyata keçirilən maarifləndirici layihələr və sosial təşəbbüslər idmanın cəmiyyətə inteqrasiyasını daha da gücləndirir. Güləşçilərin Avropa çempionatında qazandığı uğur və onların Prezident tərəfindən qəbul olunması bu inkişafın davamlı xarakter daşıdığını aydın şəkildə nümayiş etdirir. Beynəlxalq arenada əldə olunan yüksək nəticələr ölkə daxilində idmana marağı daha da artırır və gənclərin bu sahəyə yönəlməsinə stimul verir. Uğurlu idmançıların cəmiyyət qarşısında təqdim edilməsi onların nüfuzunu yüksəldir və yeni nəsil üçün motivasiya mənbəyinə çevrilir. Beynəlxalq idman tədbirlərinin ölkədə keçirilməsi Azərbaycanın qlobal imicinə də mühüm təsir göstərir. Bu tədbirlər vasitəsilə ölkə müasir infrastruktura malik, dinamik inkişaf edən və sağlam həyat tərzini təşviq edən bir məkan kimi təqdim olunur. Yarışlar zamanı ölkəyə gələn qonaqlar Azərbaycanın təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və inkişaf səviyyəsini yaxından müşahidə edirlər. Bu amil turizmin inkişafına və beynəlxalq əlaqələrin genişlənməsinə əlavə imkanlar yaradır. İdman tədbirlərinin sosial təsiri də xüsusi qeyd olunmalıdır. Bu yarışlar cəmiyyətdə sağlam rəqabət mühitini möhkəmləndirir, insanları daha aktiv həyat tərzinə təşviq edir. Gənclər arasında idmana marağın artması onların fiziki və mənəvi inkişafına müsbət təsir göstərir. İdman vasitəsilə formalaşan intizam, məsuliyyət və komanda ruhu kimi keyfiyyətlər cəmiyyətin ümumi inkişafına töhfə verir. Nəticə etibarilə, Azərbaycanda keçirilən beynəlxalq idman yarışları çoxşaxəli əhəmiyyət daşıyır. Bu proses idman mədəniyyətinin inkişafına, yeni istedadların üzə çıxmasına və onların peşəkar səviyyədə yetişməsinə geniş imkanlar yaradır. Eyni zamanda ölkənin beynəlxalq nüfuzunu gücləndirir və sosial-iqtisadi inkişaf proseslərinə müsbət təsir göstərir. Mövcud inkişaf tempi və formalaşmış təşkilatçılıq təcrübəsi Azərbaycanın gələcəkdə də qlobal idman məkanında mühüm rol oynayacağını və yeni uğurlara imza atacağını deməyə əsas verir.
Fərid MUSTAFAYEV,
“Tərəqqi“ sosial-iqtisadi araşdırmalar İB-nin sədr müavini, YAP Yasamal rayon təşkilatının fəalı









