media-1778002005_whatsapp-image-2026-05-05-at-21-25-56-1

Mayın 5-i milli istiqlal şairi, Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş professor Əhməd Cavadın doğum günüdür.

ERAmedia xəbər verir ki, bu barədə Ə.Cavadın nəvəsi Almaz Bağırova “Unikal”a özəl açıqlama verib. O bildirib ki, babasının həbsindən sonra, atası da tutulub, nənəsi sürgünə göndərilib:

“Bizim evin pəncərəsi Qız Qalasına baxırdı. Babam 1937-ci ildə tutulanda, atamın 20 yaşı var idi. Atam Niyazi Əhməd Cavadın böyük oğludur. Atam o zaman məktəbi qızıl medalla bitirmişdi, Texnologiya İnstitutunda ikinci kursda oxuyurdu. Azərbaycan, rus, gürcü, erməni dillərini yaxşı bilirdi.

Onlar (KQB işçiləri – red.) gələndə, evdə hər yeri axtarıb dağıtmışdılar. Nə qədər əlyazmalar var idisə, hamısını cırıb atmışdılar. Atam deyirdi ki, o əlyazmalardan bəzilərini küçədən tapa bilib. Ancaq bizdə bir ədəd sandıq var idi. Atam oturub onun üstündə ki, orada olan 1-2 əlyazmanı götürməsinlər.

Babam tutulandan sonra, atam əvvəlcə institutdan qovuldu. Dedilər ki, “xalq düşməni”nin oğlu institutda oxuya bilməz. Daha sonra həbs olunaraq Bayıl həbsxanasına salındı. O, 6 ay həbsdə qaldı. Sonra heç yerə gedə bilməmək şərtilə buraxıldı. O vaxt uşaqların hamısı körpələr evinə göndərilmişdi. Nənəmi də ALJİR-a (Akmolinskiy Laqer Jen İzmennkiov Rodinı, SSRİ-də repressiya qurbanlarının həyat yoldaşlarının saxlanıldığı, Qazaxıstanda yerləşən ən böyük qadın düşərgələrindən biridir) göndərdilər. Nənəmi ancaq 1946-cı ildən sonra sürgündən buraxdılar. Amma Bakıya girməsinə icazə vermədilər. Aydın əmimin yanında, Seyfəlidə qalırdı. Bakıya gələn kimi “donos” yazırdılar ki, Şükriyyə xanım gəlib. 1955-ci ilə qədər, yəni bəraət verilənə qədər qorxudan balkona da çıxa bilmirdik. Qonşular əllərində bıçaqla bizi gözləyirdi ki, “xalq düşməni”nin uşaqları balkona belə keçməməlidir”.

Qeyd edək ki, Ə.Cavad 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, 1937-ci ildə sovet totalitarizminin qurbanına çevrilib.


media-adspc

Bənzər xəbərlər