Qubada keçirilən “Ulduz Cup” uşaqlar üçün böyük stimuldur - Fərid Qayıbov
Qubada 11 yaşadək futbolçular arasında keçirilən III “Ulduz Cup” beynəlxalq turniri artıq ənənəvi xarakter daşıyır və hər il müxtəlif ölkələrdən komandaların iştirakı ilə təşkil olunur. Artıq bu yarışlar ənənəvi xarakter daşıyır. Hər il burada bu turnir təşkil olunur. Sevindirici haldır ki, bir çox ölkələrdən komandalar gəlir. Elə komandalar var ki, hər il bu yarışa qoşulurlar. Yeni komandalarımız da var. Bu dəfə Polşadan komanda iştirak etdi və hətta qalib oldu.
ERAmedia xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Qubada keçirilən beynəlxalq turnirlə bağlı jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, yarışda hər il iştirak edən komandalarla yanaşı, yeni kollektivlərin də iştirakı turnirə marağın artdığını göstərir.
“Yarışların çox yaxşı təşkil olunması sevindiricidir. Mən buradan bütün təşkilatçıları təbrik edir və təşəkkür edirəm. Quba Rayon İcra Hakimiyyətinə də təşəkkürümü bildirirəm ki, bizə burada belə şərait yaradıb. Biz sevə-sevə hər il bura qayıdırıq. Bu, uşaqlarımız üçün böyük bir stimuldur. Azərbaycan komandaları müxtəlif ölkələrdən gələn kollektivlərlə oynamaqla bu yaş kateqoriyasında komandaların səviyyəsini görürlər. Bu, inkişaf və təcrübədir. İnanırıq ki, bu uşaqların arasından gələcəkdə milli komandamızda, böyüklər arasında çıxış edən futbolçuları görəcəyik”, – deyə nazir qeyd edib.
Fərid Qayıbov turnirin gələcəkdə daha geniş yaş qruplarını əhatə edə biləcəyini bildirib.
“Biz qərara gəldik ki, bu yaş qrupunda qalaq. Hər dəfə yeni uşaqlardır, eyni yaş qrupudur. Gələcək illərdə bu yarışda bir neçə yaş qrupundan istifadə etməyə çalışacağıq. Təəssüf ki, burada bir meydança var və hazırda imkanlarımız buna tam şərait yaratmır. Amma gələcəkdə bu barədə də düşünəcəyik. Digər idman akademiyalarımız da yaxşı inkişaf edir, yaxşı rəqabət var. Bu rəqabətin nəticəsidir ki, artıq bizdə futbolçular yetişməyə başlayıb. İnanırıq ki, gələcəkdə də belə olacaq”, – deyə nazir əlavə edib.









