Qubadlıda Novruz şənliyi: Yaddaşlarda yaşayan bayram sevinci – FOTO / VİDEO
Builki Novruz şənliklərindən iki aydan çox vaxt keçməsinə baxmayaraq bir qərinə (33 il) əvvəl Qubadlı rayonunda keçirilən Novruz bayramı haqqında xatirələri bu gün oxuculara xatırlatmaq istədim. Səbəb isə bu fotonun qarşıma çıxması oldu. Bu gün də yaddaşlarda yaşayan həmin bayram cevincini o dövrün adamları yaxşı xatırlayır…
Bir zamanlar Qubadlı rayonu Novruz bayramını xüsusi təntənə ilə qarşılayırdı. Rayon sakinlərinin böyük həvəslə qatıldığı şənliklər həm milli adət-ənənələrin yaşadılması, həm də birlik və həmrəylik ruhunun nümayişi ilə yadda qalırdı.
ERAmedia xəbər verir ki, fotoda əks olunan an da həmin bayram günlərinin ən yaddaqalan səhnələrindən biridir. Açıq meydanda yüzlərlə insanın izlədiyi tədbirdə milli oyunlar və maraqlı tamaşalar nümayiş etdirilib. Kəndirbazın havadakı kəndir üzərində nümayiş etdirdiyi cəsarətli çıxış tamaşaçıların böyük marağına səbəb olub.
Arxa planda görünən dağ mənzərəsi və bayram meydanına toplaşan sakinlər Novruz bayramının Qubadlıda necə böyük ruh yüksəkliyi ilə qeyd olunduğunu göstərir. Bayraqlarla bəzədilən məkan, kəndlərdən və rayon mərkəzindən gələn insanların bir araya toplaşması həmin günlərə xüsusi rəng qatıb.
Novruz bayramı Qubadlı sakinləri üçün yalnız təbiətin oyanışı deyil, həm də doğmalığın, birlik duyğusunun və milli-mənəvi dəyərlərin yaşadıldığı əziz günlərdən biri olub. İllər keçsə də, o meydanlarda yaşanan sevinc və bayram ab-havası yaddaşlarda yaşayır və doğma yurda bağlılığın simvolu kimi xatırlanır.
Vüsalə
P.S. Torpaqlarımız erməni işğalından azad edildikdən sonra Azərbaycan Televiziyasının “Vətənimiz Azərbaycan” verilişi televiziyanın əməkdaşı Rasim Mədədin təşəbbüsü ilə Qubadlı rayonunun Poladlı kəndində ilk dəfə olaraq Novruz şənlikləri keçirməyi qərara aldı. 29 ildə sonra 2022-ci ildə yenidən Qubadlının dağlarına Poladlı kəndinə bayram sevinci gəldi – çəkiliş qrupu kənd camaatının təşkil etdiyi Novruz şənliklərini, kəndin erməni işğalından sonrakı görüntülərini, tarixi abidələrini və adət-ənənələrini lentə aldı…

Kəndə səfər edənlərin əksəriyyəti birinci və ikinci Qarabağ müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri idi. Çəkiliş zamanı onlar Novruz şənliklərindən, adət-ənənələrdən, böyük qaydışdan, kəndin toponimlərindən söhbət açıblar. 29 illik həsrətdən sonra simvolik olaraq kənddə 29 ağacın əkilməsi və kənd sakinlərinin hər birinin öz evini taparkən hiss və həyacanını, poladlılar tayfasının tarixi haqqında fikirlərini ön plana çəkilib…
Novruz şənliklərində gənc nəslə doğma yurda qaydış və adət-ənənələrimiz təbliğ olunub…
Tədbirin daha maraqlı və adət-ənənələrə uyğun olması üçün yun darağı, cəhrə, nehrə, kəlağayı, buxara papaq, şah, vəzir geyimləri və s. təşkil edilib.
Xalq oyunları keçirilərkən və xalq musiqiləri ifa olunarkən milli geyimlərdən istifadə olunub.
Tar, kaman, xanəndə, saz, nağara, zurna, kəndirbaz, keçəl, bahar qızı, pəhləvan – bu ifaçıların iştirakı Novruz şənliklərini daha da rəngarəng edib…
Hazırda bu çəkilişlər Azərbaycan Televiziyasının arxivində saxlanılır və hər il Novruz bayramında təkrar olaraq tamaşaçılara çatdırılır.
Daha ətraflı videodan izləyə bilərsiniz:









