Qubadlıda Qafqaz İslam Ordusunun qarşılanması ilə bağlı yeni detallar
1918-ci ilin yazında Qafqaz İslam Ordusunun Qubadlı və Zəngəzurun aran bölgəsində fəaliyyəti ilə bağlı yerli sakinlərin yaddaşında qorunan bir sıra məlumatlar mövcuddur.
ERAmedia-nın məlumatına görə, Qubadlı rayonundan olan Əməkdar müəllim Çingiz Salmanov bildirib ki, 1918-ci ilin yazında Qafqaz İslam Ordusunun hissələri Dondarlı və Dəmirçilər kəndlərinin yaxınlığında yerləşən Dağbaşı düzünə gecə saatlarında çatıb və burada çoxlu çadırlar qurulub. Onun sözlərinə görə, qoşun heyəti əsasən atlı süvari dəstələrindən təşkil olunub.
Çingiz Salmanov qeyd edib ki, Nuri Paşanın tapşırığı ilə İzzət Paşa heyətə rəhbərlik edib. Lakin həmin İzzət Paşanın Əhməd İzzət Paşa, Süleyman İzzət bəy, yoxsa Ənvər İzzət Paşa olması ilə bağlı dəqiq məlumat əldə etmək mümkün olmayıb.
Onun sözlərinə görə, məlum tarixi məlumatlara əsasən, 1918-ci il mayın 12-dən 25-dək Qafqaz İslam Ordusunun bir hissəsi irəliləyərək sal vasitəsilə Araz çayını keçib Zəngəzurun aran bölgəsinə çatıb. Bu ərazidə hərbi və mülki quruculuq işlərinin təşkili məqsədilə İzzət bəylə birlikdə iki zabitin də göndərildiyi bildirilir.
Çingiz Salmanov vurğulayıb ki, türk qoşunları bölgəyə daxil olarkən yerli əhali tərəfindən böyük coşqu ilə qarşılanıb. Həmin dövrdə erməni silahlı qüvvələrinin bölgədə mövcudluğu səbəbindən müsəlman əhali ilə müqayisədə onların daha üstün vəziyyətdə olduğu və bu səbəbdən türk qoşunlarının ərazidə yerləşdirilməsinin mühüm əhəmiyyət daşıdığı qeyd olunur.
Müəllimin sözlərinə görə, Dondarlı kəndindən olan Bəhlul Əfəndi, Hacı Bədəl, bir neçə ağsaqqal, həmçinin Seyid Məhyəddin, Seyid Möhü və digər şəxslər türk qoşunlarının yerləşdiyi əraziyə gedərək heyətin rəhbərliyi ilə görüşüblər. Yerli ağsaqqallar qoşunların gəlişinə görə minnətdarlıqlarını bildirərək, ehtiyac yarandığı təqdirdə hər cür köməklik göstərməyə hazır olduqlarını deyiblər.
Çingiz Salmanov əlavə edib ki, həmin gün İzzət Əfəndi Hacı Bədələ qonaq olub.
O bildirib ki, İsmayıl Haqqı bəy Qarabağda və Aran Zəngəzurda komandirlik edib, bölgədə quruculuq işlərinin aparılmasında iştirak göstərib. Eyni zamanda, Gorus istiqamətində aparılan döyüşlərə birbaşa rəhbərlik etdiyi barədə məlumatlar var.
Çingiz Salmanovun sözlərinə görə, Cəmil Cahid bəy də bir neçə zabitlə birlikdə Zəngəzurun aran bölgəsində quruculuq işləri ilə əlaqədar fəaliyyət göstərib. O, Birinci Azərbaycan firqəsinin komandiri olub, Qarabağ və Zəngəzurda erməni silahlı dəstələrinə qarşı döyüşlərdə iştirak edib.
“Qafqaz İslam Ordusunun Azərbaycandan çıxarılması ilə əlaqədar Cəmil Cahid bəy Birinci Azərbaycan firqəsinin komandanlığını general-mayor Usubova təhvil verərək Qarabağı tərk edib”, – deyə Çingiz Salmanov bildirib.
Əməkdar müəllim qeyd edib ki, yerli yaşlı nəslin nümayəndələrinin gördükləri və eşitdikləri barədə məlumatlar nəzərə alındıqda, Zəngəzurun müxtəlif bölgələrində Qarabəkir Paşanın rəhbərliyi ilə çoxsaylı hərbi əməliyyatların keçirildiyi məlum olur.
Çingiz Salmanov bildirib ki, Qarabəkir Paşanın Hacı Qaraman Çələbinin evində qalması və dəfələrlə əsgər heyəti ilə birlikdə yerli sakinlərlə görüşməsi barədə məlumatlar mövcuddur. Hətta əsgərlərlə birlikdə gələn və hərbi xidmət yaşına çatmayan bir oğlanın Qarabəkir Paşaya tapşırıldığı, onunla dini məşğul olması üçün xahiş edildiyi də söylənilir.
Onun sözlərinə görə, Qarabəkir Paşanın Əyin istiqamətində hərəkəti zamanı Xələcdə Mir Əhəd ağanın bir qrup ağsaqqalla birlikdə onu qarşılaması və Paşanın burada bir neçə gün qalması barədə də məlumatlar qorunub saxlanılıb.
Çingiz Salmanov qeyd edib ki, 1937-ci ildə Sovet hökuməti Mir Əhməd ağanı həbs etmək istədikdə o, İrana, daha sonra isə Türkiyəyə gedərək Qarabəkir Paşanın yanına sığınıb və onun yanında işləməyə başlayıb.
Məzrə istiqamətində türk ordusunun hərəkəti zamanı Əli Əfəndi və Əziz Əfəndinin də hərbi əməliyyatlarda iştirak etdikləri barədə məlumatların olduğunu deyən Çingiz Salmanov əlavə edib ki, türk qoşunlarının Qubadlı ərazisindən Ordubada, oradan isə Naxçıvana keçməsi də bölgədəki hərbi hərəkətliliyin miqyasını göstərir.
“Qubadlıda qalan Qafqaz İslam Ordusunun zabit və əsgərlərinin övladlarından da onların atalarının Qarabəkir Paşa ilə birlikdə döyüşdüklərini eşitmişik. Yerli yaşlı nəslin xatirələri və bölgədə qorunub saxlanılan məlumatlar 1918-ci ildə Qafqaz İslam Ordusunun Zəngəzurun aran hissəsində mühüm hərbi və ictimai fəaliyyət göstərdiyini deməyə əsas verir”, – deyə Çingiz Salmanov vurğulayıb.
Əli Fərhad










