Qubadlıdan dünyaya: Aytac Məmmədzadənin beynəlxalq uğuru
Azərbaycanın Qubadlı rayonunun Əyin kəndindən olan gənc tədqiqatçı Aytac Məmmədzadə təhsil, elm və beynəlxalq fəaliyyəti ilə diqqət çəkən uğurlara imza atıb.
ERAmedia xəbər verir ki, Aytac Məmmədzadə ABŞ-də keçirilən beynəlxalq səviyyəli “Washington Youth Forum 2026 – Young Professional Fellowship” proqramında Azərbaycanı təmsil edib.
Qeyd edək ki, Aytac Məmmədzadənin elm və təhsilə gedən yolu Qubadlı rayon Şahbaz Kərimov adına Çərəli kənd tam orta məktəbindən başlayıb. Məktəb illərində yüksək akademik göstəriciləri və elmə marağı ilə seçilən Aytac məktəbin fəxri məzunu olub.
O, Azərbaycan Dillər Universitetinin bakalavriat pilləsini fərqlənmə diplomu ilə başa vurub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alaraq bu mərhələni də fərqlənmə diplomu ilə tamamlayıb.
Peşəkar fəaliyyətində də uğurlar qazanan Aytac Məmmədzadə Dövlət İmtahan Mərkəzində marker müəllim kimi fəaliyyət göstərib.
Gənc tədqiqatçı elmi fəaliyyətində də mühüm nəticələr əldə edib. O, beş kitabın və dörd elmi məqalənin müəllifidir. Aytac Məmmədzadənin elmi araşdırmaları Hindistan və Polşanın elmi jurnallarında dərc olunub və fəaliyyəti xüsusi qrant proqramı ilə qiymətləndirilib.
Bundan əlavə, Aytac Məmmədzadə Laçında keçirilən elmi platformaya xüsusi dəvət alaraq öz elmi məqaləsini təqdim edib.
Onun beynəlxalq fəaliyyətində əsas mərhələlərdən biri ABŞ-də keçirilən “Washington Youth Forum 2026 – Young Professional Fellowship” proqramında iştirakı olub. Azərbaycanın yalnız iki nümayəndəsinin dəvət aldığı proqram çərçivəsində Aytac Məmmədzadə ölkəmizi təmsil edib.
Forumun Milli Günü çərçivəsində Azərbaycanı təqdim edən Aytac Məmmədzadə milli geyimdə, Azərbaycan bayrağı ilə iştirak edib və qədim milli rəqsimiz olan yallını təqdim edib. O, Azərbaycanın tarixi, mədəni irsi və milli dəyərləri barədə beynəlxalq auditoriyaya məlumat verib.
Gənc tədqiqatçı ölkənin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına verdiyi töhfəyə görə xüsusi diploma layiq görülüb.
Aytac Məmmədzadənin əldə etdiyi uğurlar onun doğulduğu Qubadlı rayonunun, eləcə də Azərbaycanın gənc nəslinin elm, təhsil və beynəlxalq platformalarda qazandığı nailiyyətlər sırasında diqqət çəkir.
Mələk Onur










