media-vuqar_rahimazde_080220_1754115155

Çağdaş Azərbaycanın tarixinə taleyüklü günlərdən biri kimi qızıl hərflərlə yazılan 1993-cü il iyunun 15-dən bizi 33 illik zaman ayırır. Ötən 33 ilin çağdaş tariximizə hansı uğur səhifələrini yazdığını qeyd etmədən öncə, təbii ki, Milli Qurtuluşa gedən yolu təhlil edərək müasir müstəqil, qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş Azərbaycanın bu günü üçün kimə borclu olduğumuzu indiki və gələcək nəsillərə çatdırmalıyıq. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan 15 İyun – Milli Qurtuluş Günü özündə bütün məqamları ehtiva edir. Həmin gün Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Azərbaycanın ən ağır günlərində Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində ölkəmiz dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, davamlı inkişafın sarsılmaz təməlləri qoyuldu. Dahi şəxsiyyət Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanması, daimi və əbədi olması bundan da çətindir” çağırışı müstəqilliyimizin bərpasının ilk illəri ilə 1993-cü ildən sonrakı dövrün reallıqlarının təhlili fonunda özünü daha aydın şəkildə nümayiş etdirir. Bu çağırış Azərbaycanın dövlətçilik fəlsəfəsinin təməl prinsiplərindən birini təşkil edir.

ERAmedia xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Vüqar Rəhimzadənin məqaləsində yer alıb. Həmin yazını təqdim edirik.

Azərbaycanın müstəqil gələcəyi üçün möhkəm baza yaradıldı

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşındakı misilsiz xidmətlərindən bəhs edərkən hakimiyyətinin birinci dövründə (1969-1982-ci illər) gördüyü işlər xüsusi qeyd edilir. Çünki o illərdə bu günümüz üçün möhkəm baza yaradılıb. Azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı həmin illər Azərbaycanın quruculuq salnaməsinin parlaq səhifələrindəndir. Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar milli ruhun canlanmasına xidmət göstərdi, özünüdərki və soykökə qayıdışı təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi. Ümummilli Lider 1969-1982-ci illərdə Azərbaycanı geridə qalmış aqrar respublikadan sənayesi güclü, iqtisadiyyatı və mədəniyyəti çiçəklənən qüdrətli bir diyara çevirdi. Onun məqsədyönlü siyasəti sayəsində ölkə həyatının bütün sahələrində köklü və müsbət dəyişikliklər baş verdi. Azərbaycan keçmiş İttifaq miqyasında geridə qalan ölkələrin sırasından çıxaraq, ən qabaqcıl respublikalardan biri oldu. Yüzlərlə yeni sənaye müəssisəsi, zavod və fabrik istifadəyə verildi. Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması təmin edildi, hərbi kadrların hazırlanması məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Bu addımlar Azərbaycanın müstəqil gələcəyinə hesablanıb. İttifaq rəhbərliyinin təzyiqlərinə baxmayaraq, Azərbaycan dilinin dövlət dili statusu alması Konstitusiyada təsbit edildi. Dövlət başçısı İlham Əliyev həmin dövrü belə xarakterizə edir: “Azərbaycan xalqının faciələri Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlayıb. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlayıb. Şübhə yoxdur ki, Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Həm erməni millətçiləri, həm də ovaxtkı Azərbaycan rəhbərliyində təmsil olunmuş milli satqınlar faktiki olaraq birləşərək Heydər Əliyevə qarşı çirkin şər, böhtan kampaniyası aparmışdılar. Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. Baxmayaraq ki, siyasi fəaliyyətdən kənarda qalıb, amma Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü və xalqımız üçün ağır günlərdə – 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır”.

Xaos, özbaşınalıq tüğyan edir, erməni işğalının coğrafiyası genişlənir, iqtisadiyyat sürətlə çökür, insanların sabaha inamı itirdi…

Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edən antimilli ünsürlərin Azərbaycanı hansı təhlükələrlə, faciələrlə üz-üzə qoyduqları hər zaman tariximizin qara səhifəsi kimi vərəqlənir. Hakimiyyəti silah gücünə zəbt etmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat cütlüyü yalnız qanunsuz yolla zəbt etdiyi hakimiyyətini saxlamağı düşünərək ölkəmizə faciələr yaşatmışdı. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos və özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi.

Azərbaycanı sonu görünməyən bəlalardan qurtaran xilaskarlıq missiyası

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının davam etməsi, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idilər ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz dahi lider Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Naxçıvandan Bakıya gəldi. Taleyimizin həll olunduğu belə bir ağır zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.

Qeyd etdiyimiz kimi, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması ilə bağlı çağırışı Azərbaycanın dövlətçiliyini məhv olmaqdan qurtarmaq və suverenliyi möhkəmləndirmək üçün atılan addımların ideoloji əsasını təşkil etdi. Məlumdur ki, dövlət müstəqilliyinin qorunması ölkənin daxili sabitliyinin təmin olunmasından, güclü iqtisadiyyat yaratmaqdan, nizami ordu quruculuğundan, bir dövlət olaraq beynəlxalq aləmdə özünütəsdiqdən və xarici siyasətin düzgün qurulmasından keçir. Ümummilli Lider hakimiyyətə qayıdışı ilə özünün xilaskarlıq missiyasını uğurla həyata keçirərək bütün bu amillərin ölkəmizin həyatında öz əksini tapmasına nail oldu. Azərbaycanı tamamilə yenidən quran Ulu Öndər Heydər Əliyev ölkəmizdə sabitlik yaratdı. Sabitliyin, normal iqtisadi mühitin yaradılması fonunda Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsi istiqamətində mühüm addımların əsası qoyuldu.

 

Milli Qurtuluş Günü sadəcə bir təqvim bayramı deyil…

1993-cü ildən indiyədək hər il 15 İyun-Milli Qurtuluş Günü Azərbaycan xalqı tərəfindən sadəcə bir təqvim bayramı kimi deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik əbədiyaşar bir gün kimi sonsuz qürur hissi ilə qeyd edilir, xalqımız üçün əsl xilas tarixi kimi dəyərləndirilir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Azərbaycan Respublikasının Milli Məclisi 15 iyun tarixini Milli Qurtuluş Günü elan etdi. Qeyd etdiyimiz kimi, 1993-cü ildən etibarən bu şanlı tarix ölkənin müstəqilliyinin qorunub saxlanması və davamlı inkişafının başlanğıcı kimi qiymətləndirilir.

1993-2003: Tənəzzülü tərəqqiyə, çöküşü dirçəlişə, ümidsizliyi inama çevirən illər…

Ulu Öndərin müasir müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər çağdaş tariximizdə tənəzzülü tərəqqiyə, çöküşü dirçəlişə, ümidsizliyi xoşbəxt gələcəyə, inama çevirən dövr kimi xarakterizə edilir. Ümummilli Lider Heydər Əliyevin bu günümüzə və gələcəyimizə hesablanmış siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi əbədi və dönməz oldu. Xalqımız öz təbii sərvətlərinin əsl sahibinə çevrildi. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də dünyanın nəhəng transmilli neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Bu günlərdə 46 ölkədən 276 şirkəti bir araya gətirən 31-ci Bakı Enerji Həftəsi Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurların təqdimatı oldu. Azərbaycanın regional əməkdaşlıqdan beynəlxalq miqyas alan əməkdaşlığa doğru inamla irəliləməsi Ulu Öndərin neft strategiyasının təntənəsidir. Dövlətimizin başçısı İlham Əliyevin 31-ci Bakı Enerji Həftəsinin açılış mərasimində vurğuladığı kimi, müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Əgər bu gün biz Azərbaycana nəzər salsaq, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır.

Təbii ki, Azərbaycana bu örnəyi qazandıran Ümummilli Liderin müasir müstəqil Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi, iqtisadi tərəqqinin hər bir ölkənin inkişafında əsas faktor olmasını əsaslı şəkildə təhlil edərək malik olduğumuz resurslardan səmərəli istifadəyə uğurlu yol açması oldu. Dahi şəxsiyyət, eyni zamanda, neft gəlirlərindən səmərəi istifadənin, şəffaflığın təmin edilməsi məqsədilə Dövlət Neft Fondunun yaradılmasını zəruri bildi və Ulu Öndərin Fərmanı ilə 1999-cu ildə bu qurum yaradıldı.

 

1993-cü ilin iyunundan başlanan uğur, tərəqqi yolu

Bu gün dünyaya səs salan tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar da Azərbaycanın 1993-cü ilin iyunundan dahi lider, müdrik dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə başlanan gələcəyə uzanan tərəqqi yolunun uğurlarının məcmusudur. Dahi şəxsiyyət Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə müşayiət olunan keçmiş Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində sülh danışıqlarının cəsarətli aparılması üçün güclü ordunun mövcudluğunu vacib amil kimi önə çəkirdi. Onun ordu quruculuğu sahəsində yaratdığı möhkəm təməl 2020-ci ildə xalqımızı tarixi Zəfərə qovuşdurdu. Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yazdığı yeni səhifə 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” ifadəsinin özündə ehtiva etdiyi gücün, qüdrətin, birliyin nəticəsidir. Ümummilli Lider hakimiyyətə qayıdışı ilə öncə diaspor quruculuğunu dövlət siyasətinin əsasına çevirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi daha da möhkəmləndirildi, onların bir mərkəzdən idarə edilmələri üçün 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” müdrik çağırışı dahi liderin Vətən, xalq sevgisinin nümayişi olmaqla yanaşı, həm də hər bir azərbaycanlının qarşısında qoyduğu tələb idi-Vətən birdir, hər birimiz bu Vətən üçün çalışmalıyıq.

Demokratik islahatlar Azərbaycanı sivil dünyanın bir parçasına çevirdi

Ümummilli Lider müstəqil Azərbaycanın inkişaf strategiyasında iqtisadi və siyasi islahatların vəhdətinin qorunmasını əsas hədəf kimi qarşıya qoydu. Dahi liderin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə demokratik islahatlar ölkəmizin dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirildi. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillər bərqərar oldu. İnsan hüquqlarının qorunması, azad mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi və sair kimi mühüm amillərin təmin edilməsi Azərbaycanın dünya miqyasında demokratik inkişafı nümunə olan ölkə kimi tanınmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider Azərbaycanı daim zirvələrdə görmək istəyini ifadə edərək, xalqımızın imzasının imzalar arasında olmasını, söz sahibliyini əsas çağırış kimi qarşıya qoyurdu. Dahi rəhbərin atdığı hər bir addım Azərbaycanı necə görmək istəyinin özündə ehtiva etdiyi modelin təqdimatı idi. Ümummilli Lider, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə tanıtımı üçün müxtəlif dövlətlərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulması, əsas problemimiz olan keçmiş Qarabağ münaqişəsinin həllində hüquqi bazanın yaradılması idi. Azərbaycanın hazırda beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, artıq Qarabağ münaqişəsinin tarixin arxivinə atılması bu sahədə də möhkəm təməlin yaradıldığını təsdiqləyir.

Ümummilli Liderin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün respublikamızda gedən proseslərin mərkəzində dayanır

15 İyun-Milli Qurtuluş Günündən başlanan yolun uğurlarından bəhs edərkən Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının (YAP) uğurlu inkişafını, bu hakim siyasi qüvvənin ölkəmizdə gedən proseslərin mərkəzində dayanmasını xüsusi qeyd etməliyik. 1992-ci ilin noyabrın 21-də yaradılan partiya çox qısa müddətdə iqtidar partiyasına çevrilərək tutduğu yola sadiqliyi, sözlə əməl birliyi ilə cəmiyyətin bütün təbəqələrini ətrafında birləşdirərək Azərbaycanın müstəqillik tarixinin həm bələdçisinə çevrildi, həm də bugünkü uğurlarımızda böyük payı ilə diqqətdədir. Hər dövrün çağırışları YAP-ın fəaliyyətinin əsasının təşkil edir. Bu gün tam əminliklə söyləyə bilərik ki, Yeni Azərbaycan Partiyası ənənələri olan partiyadır. YAP daim irəliyə doğru inamlı addımları ilə Azərbaycanın dayanıqlı inkişafında öz sözünü deyir. Tarixi Zəfərimizin reallıqları, müasir dövrün çağırışları əsasında YAP yeni proqramını qəbul edərək “Biz birlikdə güclüyük!” devizi altında biri-birindən mühüm uğurlara imza atır. Ümummilli Liderin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi partiyanın sıralarında təmsil olunan hər kəs böyük məsuliyyət hissini əməli fəaliyyəti ilə təsdiqləməyə səy göstərir. Partiyanın 2021-ci ildə keçirilən VII qurultayı ölkənin bu aparıcı siyasi qüvvəsinin bugünkü və gələcək fəaliyyətinin yol xəritəsini təqdim etdi. Sözügedən qurultayda yeni tərkibin formalaşması, yeni Nizamnamənin qəbulu, Veteranlar Şurasının yaradılması və sair kimi mühüm məqamlar YAP-ın yenilikçi partiya kimi dövrün çağırışlarını fəaliyyətində əks etdirməkdə nə qədər maraqlı olduğunu nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini təyin edilməsi bu gün partiyanın qarşıya qoyduğu hədəflərə yüksək səviyyədə nail olmasını şərtləndirir.

2003-cü ildən sonrakı dövr: Qurtuluşdan başlanan yolun ikinci mərhələsi

Göründüyü kimi, Milli Qurtuluşdan başlanan inkişaf yolunun uğurlarının miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək mümkünsüzdür. 2003-cü ildən sonrakı dövr Qurtuluş yolunun ikinci mərhələsi kimi xarakterizə edilir. Bu baxımdan Prezident İlham Əliyev tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının əhatə etdiyi 2023-cü ilə qədərki dövrlə bağlı ona ünvanlanan “Bu gün ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanımızdan, suverenliyimizi tam bərpa etmiş Azərbaycanımızdan son 20 illik fəaliyyətə nəzər salsaq, hansı mənzərə canlanır? Biz bu 20 ildə haradan-haraya gəlmişik” sualına cavabı diqqətəlayiqdir. Dövlət başçısı bildirmişdir ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi: “Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.” Prezident İlham Əliyev bu sualı 2024-cü ilin yanvarında yerli televiziya kanallarına ənənəvi müsahibəsi zamanı cavablandırıb.

Müasir tariximizin yeni dövrü məhz 2023-cü il sentyabrın 20-dən sonra başlayır

Həmin müsahibədə dövlət başçısı onu da qeyd edib ki, son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Əgər biz bu haqda geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli olacağıq. Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni ölkəmizin suverenliyini tam bərpa etmişik Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdə yaratdığı möhkəm təməl üzərində Azərbaycanı bütün sahələrdə daha da gücləndirdi, inkişaf etdirdi, Zəfərə doğru apardı.

Bu gün azad edilmiş bütün torpaqlarımızda – Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, Xocavənddə, Xocalıda… üçrəngli Bayrağımız əzəmətlə dalğalanır. Qarabağımız və Şərqi Zəngəzurumuz Azərbaycanın müasir şəhərsalma təcrübəsini dünyaya təqdim edir. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Sakinlərinə qovuşan şəhərlərimizin sayı 10-a çatıb. Təbii ki, bu, son rəqəm deyil. Tezliklə azad edilən bütün ərazilərimizin öz sakinlərinə qovuşmasının sevincindən, Azərbaycanın dayanıqlı inkişafına verdikləri töhfələrdən bəhs edəcəyik. Azərbaycanın dünyaya təqdim etdiyi ilklər sırasında müharibədən dərhal sonra dirçəliş prosesinə başlaması da dayanır.

Son beş ildən artıq dövrdə bütün bayramlarımızı, o cümlədən Azərbaycanın müstəqillik tarixinin mühüm dönüş nöqtəsi, bugünkü və gələcək inkişafının əsası olan Milli Qurtuluş Gününü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edirik. Müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində prezident, parlament, bələdiyyə seçkilərinin keçirilməsi Heydər Əliyev siyasətinin uğurlarının qürurverici səhifələridir. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanın timsalında dünya bu reallığın şahidi oldu ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxladı, öz ideallarına həmişə sadiq qaldı və XX əsrin sonlarında bərpa etdiyi dövlət müstəqilliyini daimi, əbədi etdi. Bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir.

Azərbaycan dünyaya sülh, enerji təcrübələrini təqdim edir. Hər iki faktor sülhün, təhlükəsizliyin, əməkdaşlığın əsasıdır. Ölkəmiz sülh və yeni əməkdaşlıq gündəliyinin müəllifi kimi tanınır. Dünyanın hər bir sahədə qlobal gündəliyinin Azərbaycanda müzakirə edilməsində mühüm amillərdən biri sabit, təhlükəsiz ölkə olmasıdır. Ümummilli Lider Heydər Əliyevin kompleks tədbirləri özündə ehtiva edən inkişaf strategiyasının son 22 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi istər daxili, istərsə də xarici siyasətdə uğurlarımızı davamlı edir.

Qurtuluşdan başlanan yolun ümumiləşdirilmiş ifadəsi – Qalib Azərbaycan

Qurtuluşdan başlanan yolun ümumiləşdirilmiş ifadəsi bugünkü qalib Azərbaycandır. Bu gün paytaxt Bakımız ilə yanaşı, bütün bölgələrimizdə, azad edilmiş ərazilərimizdə Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbirlər keçirilir. Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparan Heydər Əliyev ideyalarının təbliğində Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etmək istərdik. Ümummilli Liderin adını daşıyan Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti müasir müstəqil, qalib Azərbaycanın yeni-yeni hədəflərə nail olmasına töhfələri ilə diqqətdədir və yüksək dəyərləndirilir. Qurtuluşdan başlanan yol bundan sonra da davam edəcək, Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq.


media-adspc

Bənzər xəbərlər