Qurultaydan gələn anlayış: Xanım titulu necə yarandı?
Xanım titulunun ilk dəfə Çingiz xan tərəfindən sevdiyi və ilk həyat yoldaşı Börtə ilə bağlı olduğu iddia edilir. Əslində isə “xanım/xatun” titulunun onun digər həyat yoldaşı Xulan ilə bağlı olduğu göstərilir.
1184-cü ildə Çingiz xanın ailəsinin düşməni olan merkitlər onun gənc xanımı Börtəni, hələ yeni evləndiyi bir vaxtda qaçırmışdılar. Bu hadisə merkitlər üçün sadəcə gecikmiş bir qisas idi. Çünki vaxtilə Temuçinin atası Yesugey də eyni addımı atmışdı. O, Çingiz xanın anası Olunu öz nişanlısı, tanınmış merkit döyüşçüsü Çiledunun yanına gedərkən yolda qaçırmışdı.
Çingiz xan dostu və qan qardaşı Camuxa ilə birləşərək sevdiyi qadını xilas edir. Lakin həmin gündən etibarən merkitlərlə düşmənçilik davam edir.
Qarşı tərəf bu düşmənçiliyə son qoymaq üçün 1204-cü ildə merkit qəbilə birliyinin liderlərindən biri olan Dayr-Usun qızı Xulanı Çingiz xana ərə verir.
“Bu, bizim düşmənimizdir”, – deyə Xulan qorxurdu. O düşünürdü ki, Çingiz xan Börtənin intiqamını almaq üçün ona əzab və işgəncə verəcək və o, əsla xanın sarayında söz sahibi ola bilməyəcək.
Lakin Xulanın qorxularına baxmayaraq, Çingiz xan ona qarşı mehriban davranırdı. O, Çingiz xanın arvadları arasında hərbi yürüşlərdə onu müşayiət edən yeganə qadın idi. Xulan qısa müddətdə Çingiz xanın sevgisini qazanaraq, Börtədən sonra ikinci nüfuz sahibi qadına çevrildi.
Bir gün Çingiz xan bütün tabe tayfaları və ailələri qurultaya dəvət edir. Qurultay zamanı o, çadıra Xulanla birlikdə daxil olur və onu sağında əyləşdirir. Daha sonra belə deyir:
– “Mən xanlar xanı Çingiz xanam, hamınızın xanıyam”, – deyir və arvadını göstərərək əlavə edir:
– “Bu da mənim xanımdır”.
Rəvayətə görə, “xanım” sözü məhz bu hadisədən yaranmışdır.
Bu hadisədən sonra həm Börtəyə, həm də Xulana şəxsi hərbi dəstə saxlamaq imkanı verilir.
Zaur Əliyev










