Qürurverici məğlubiyyət oldu - Rəşad Sadıqov
Futbolçularıma təşəkkür edirəm. Onlar sonadək mübarizə apardılar. Bu, qürurverici məğlubiyyət oldu. Rəqib çox gözəl qollar vurdu.
ERAmedia xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun finalında “Sabah”a 1:2 hesabı ilə məğlub olduqları görüşdən sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis “Sabah” kimi rəqibə qarşı oynamağın çətin olduğunu bildirib: “Sanki qələbəyə yaxın idik. İkinci hissədə daha etibarlı müdafiə olunurduq. Amma rəqib bizi əks-hücumda yaxalayaraq qol vurdu. Oyundan razıyam, nəticədən isə yox. Sıx qrafikdə çıxış etdik. Eren Aydın və İssa Cibrilla zədədən sonra az məşq etmişdilər. Finala tam hazır deyildik. Rəqibi gözəl qələbəyə və mövsümü “qızıl dubl”la yekunlaşdırdıqlarına görə təbrik edirəm”.
Qeyd edək ki, Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurub. Onlar, həmçinin ardıcıl ikinci dəfə ölkə kubokunun qalibi olublar.










