Qusar-Həzrə-Sudur avtomobil yolunun bərpası yekunlaşdı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda Qusar–Həzrə–Sudur avtomobil yolunun 15-ci kilometrində aparılan bərpa işləri yekunlaşdırılıb.
ERAmedia xəbər verir ki, Dövlət Agentliyindən bildirilib ki, intensiv yağıntılar nəticəsində yaranan güclü sel axınları yolun sözügedən hissəsində yol yatağının dağılmasına və mövcud suötürücü qurğunun zədələnməsinə səbəb olmuşdu.
Aparılan bərpa işləri çərçivəsində zədələnmiş ərazidə torpaq işləri görülüb, sel sularının təhlükəsiz ötürülməsi üçün yeni dəmir-beton suötürücü qurğu inşa edilib. Həmçinin yol yatağı bərpa olunub, ətraf sahələrdə möhkəmləndirmə və mühafizə tədbirləri həyata keçirilib.
Görülən işlər nəticəsində avtomobil yolunun zədələnmiş hissəsi bərpa edilərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.









