media-videoedited
media-557740895_25092111523752866_4837185036378912676_n
media-shehidler_olmez_baner_full
Yəqin tək mənə deyil, başqalarına da rast gəlib – bir talada tək ucalan gövdəli qovaq ağacı.
Dünənəcən vüqarlı duruşuyla, bu talanı təkbaşına dolduran gözəlliyiylə göz oxşayırmış.
Qəfilcə göy gurlayıb, şimşək çaxıb və ildırım bu ətrafda tənha yüksələn o gözəlliyi vurub.
Həyat və yaşamaq eşqi saçan o gövdəli ağac bircə anın içində yanıb qaralıb, sönüb, bitib.
Əlbəttə kədərlidir, əlbəttə gözəlliyin qəfil ölümü həmişə yandırıcıdır.
Tahir və Cabir İmanov mənə əziz olan iki insanın balalarıdır.
Mən bu uşaqları xırda yaşlarından tanıyıram.
İkisi də bir-birindən parlaq, ikisi də bir-birindən istedadlı.
Əziz Cabirimiz ildırımın vurub bir anda ömrünə son qoyduğu gözəllikdir ki, var!
Çox iti görən gözləri vardı.
O qədər iti ki, yanından yüz dəfə keçib görmədiyimizi tuta bilirdi. Müşahidə etdiyini gülüşə qataraq elə zərif çatdırmağa qadir idi ki, əslində bu sancmada özünü görəni incitməli, qeyzləndirməli idi. Ancaq Cabir bunu elə lətif bir məharətlə edirdi ki, hətta siyasi yükü olan sataşmaları da qəzəb doğurmadan, dodaq qaçıraraq qəbul edilirdi və heç vəchlə də qulaq ardına vurula bilmirdi, düşündürürdü, islah olunmağa yönəldirdi.
Bu gün oktyabrın 9-u Cabirin ilk cüməaxşamı idi.
Bilsəniz bu zahirən adi, amma mahiyyətiylə müdhiş olan həqiqəti indi sözə döndərib yazmaq nə qədər ağırdır.
Beli qırılmış Qormazla, qırx ilə yaxın müddətdə dostum, sirdaşım olmuş bir insanla üz-üzəyəm və ona heç bir təsəlli verə bilmirəm. Nə təsəlli?!
Təsəlli sözləri arasam riyakar olmuş olaram.
Haçandır ki, Qorxmaz da, uşaqları da başqa, təzə evlərdə yaşayırlar. Ancaq mənim ən çox yadımda qalan hamısının birgə olduqları köhnə məhəllədəki dədə-baba həyətindəki evlərinə gedib-gəldiyim günlərdir.
Nə xoşbəxt imişlər, nə xoşbəxt imişik!
Həmin yuxarı məhəllənin özünəməxsus ab-havası vardı, atıb-kəsən, sözü yava, alış-verişdə fəndgir, şərəşur adamlarla dolu idi.
O məhəllədə böyüyənin orta məktəbi yaxşı-yaman bitirib attestat alması elə təhsili qızıl medalla başa vurmağa bərabərdi.
O mühitdə böyüyən cavanlığında qazamatda yox, şofer olub sükan arxasında otura bilsə, bu, ailəsinin bəxtli olmasının nişanəsi də.
Belə bir məhəllədə boya-başa çatan Qorxmaz İmanov şöhrəti tək Azərbaycandan yox, ovaxtkı Sovet İttifaqından kənarlara da yayılan görkəmli alim mərtəbəsinə yüksəldi, qoşa övladı – Tahir də, Cabir də yaxşı oxudular, tərbiyəli, ağıllıl böyüdülər, ailə, nəsil ənənələrinə layiq yetişdilər.
İstedad elə müstəsna sərvət, elə gur işıqdır ki, o mütləq gec-tez bütün parlaqlığı ilə üzə çıxır, ondan hamıya şəfəq payı düşür.
Cabir Azərbaycanın istedadla daşan qiymətli bir yavrusu idi.
İstedadının bütün əngin miqyası ilə bərq vurduğu, asta-asta artan yaşın və təcrübənin həmin istedada müdriklik də əlavə etdiyi bir ömür mərhələsində idi.
Hələ nə qədər misilsiz əsərlər yarada, bizə nə qədər gözəlliklər bəxş edə bilərdi!
Bircə anın içində hər şey puç oldu.
Cabir kimi ilham, zəka, bəsirət, çoxcəhətli qabiliyyət daşıyıcısı oğullar millətin kisəsindən gedir.
Axı onun yerini doldura biləcək ikinci kəs ola bilməz!
Hər istedad Tanrının insanlara nadir bəxşişidir!
Heyiflər ki, Yaradanın bu sevimli töhfəsi ilə birgəliyimizin müddəti bunca qısa oldu.
Cabirin yoxluğu ilə barışmaq çətindir, çox çətindir.
Ötən il Heydər Əliyev sarayında Tahir İmanovun 50 illiyinə həsr edilən yaradıcılıq gecəsi keçiriləndə mən də çıxış etdim.
Ertəsi gün qardaşının həmin unudulmaz yubiley axşamını bəzəyənlərdən biri olmuş Cabir də mənə zəng vurub təşəkkür etdi.
Elə zarafata salıb dedi ki, mənim də yubileyimdə belə konsert baş tutsa, orda da danışarsız?
Qayıtdım ki, hər halda dünənkindən daha yaxşı danışaram, çünki artıq yaxşıca məşq etmişəm.
Cabirin arzusunu, ona vədimi daha heç vaxt yerinə yetirə bilməyəcəm.
Yazı beləymiş, onun yubileyində danışmaq qismətimizdə yoxmuş.
Cabir daha heç vaxt 50 yaşına çatmayacaq…
Əzizlərim Könül, Qormaz!
Çarəmiz nə! Dözün və Cabirin körpə balalarının xatirinə yaşayın!
Rafael HÜSEYNOV,
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, akademik

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər