Rayonlara leysan yağır - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin iyulun 20-si saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur, arabir şimşək çaxır. Ayrı-ayrı ərazilərdə yağıntılar intensiv leysan xarakteri daşıyır.
ERAmedia xəbər verir ki, ən çox yağıntı Şəkidə qeydə alınıb. Burada 38 mm yağıntı düşüb ki, bu da aylıq normanın 63 faizini təşkil edir. Mingəçevirdə 34 mm (aylıq normanın 171 faizi), Zaqatalada 24 mm (31 faiz), Goranboyda 18 mm (77 faiz), Qrız və Qubada 13 mm (44 faiz), Qusarda 12 mm (40 faiz), Qəbələdə 10 mm yağıntı qeydə alınıb.
Bundan başqa, Ağstafa və Gədəbəydə 7 mm, Xaçmaz, Gəncə və Qaxın Sarıbaş kəndində 6 mm, Oğuzda 5 mm, Xaltanda 4 mm, Daşkəsəndə 3 mm, Tovuz, Şabran, Göygöl və Yevlaxda 2 mm, Naftalan, Şəmkir, Balakən, Şamaxı, Xızı, Bərdə, Kürdəmir, Şahbuz, Laçın, Qubadlı, Şuşa və Xankəndidə isə 1 mm yağıntı düşüb.
Məlumata görə, iyulun 19-da saat 21:03-21:07 radələrində Kəlbəcər rayonunun İstisu qəsəbəsinə diametri 8-12 millimetr olan dolu yağıb.
Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, həmçinin Mingəçevirdə 21 m/s, Neftçala, Zaqatala və Şəkidə isə 20 m/s-ə çatır.









