media-430817

Ermənistanda ev həbsində olan iş adamı, “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın seçkiöncəsi vədləri və açıqlamaları regionda müzakirələrə səbəb olub. Onun İrəvanın Azadlıq meydanında keçirilən mitinq iştirakçılarına göndərdiyi video müraciətdə səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkib.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Karapetyanın çıxışı daha çox daxili auditoriyaya hesablanmış populist vədlərlə zəngin olsa da, regionda sülh perspektivləri baxımından ciddi suallar doğurur.

Onun sözlərinə görə, 300 min iş yerinin yaradılması, Rusiya ilə strateji ittifaqın bərpası, diaspora ilə əlaqələrin gücləndirilməsi və kilsənin rolunun artırılması kimi vədlər səsləndirilsə də, əsas məsələlər diqqətdən kənarda qalıb.

Şərhçi qeyd edib ki, Karapetyan çıxışında Azərbaycanla sülh quruculuğu, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məqsədilə referendumun keçirilməsi və regional əməkdaşlıq təşəbbüsləri barədə heç bir fikir səsləndirməyib. Əksinə, o, “Artsaxda etnik təmizləmə həyata keçirilib” kimi iddialar irəli sürüb ki, bu da mövcud gərginliyi daha da artıran ritorika hesab olunur.

Elxan Şahinoğlu vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “müxalifət hakimiyyətə gələrsə, sentyabr ayında Azərbaycanla müharibə başlaya bilər” tezisi müəyyən mənada reallıqdan uzaq deyil. Onun fikrincə, Samvel Karapetyan kimi siyasətçinin hakimiyyətə gəlməsi sülh prosesinə və region ölkələri arasında əməkdaşlığa müsbət təsir göstərməyəcək.

Siyasi şərhçi hesab edir ki, Ermənistanda seçki kampaniyası bu ölkənin daxili işi olsa da, rəsmi Bakının da baş verənlərə münasibət bildirməsi vacibdir. O bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi müxalif namizədlərin təxribat xarakterli açıqlamalarına reaksiya verməlidir.

“Rəsmi Bakı açıq şəkildə bəyan etməlidir ki, əgər Ermənistanda seçkidən sonra formalaşacaq hökumət sülh quruculuğundan və əvvəlki razılaşmalardan imtina edərsə, bu, həm iki ölkə arasındakı münasibətlərə ciddi mənfi təsir göstərəcək, həm də bölgədə yeni müharibə riskini artıracaq”, – deyə Elxan Şahinoğlu əlavə edib.

Onun sözlərinə görə, belə bir bəyanatın verilməsi həm də Ermənistan vətəndaşlarının seçki zamanı daha məsuliyyətli qərar verməsinə təsir edə bilər.

Vural


media-adspc

Bənzər xəbərlər