media-diplom_ve_attestatlarin_teqdimati2

Ölkədə ciddi rəqəmsal transformasiya prosesi gedir və son zamanlar bu proses daha da sürətlənib.

ERAmedia xəbər verir ki, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, bu ildən ilk dəfə diplom və attestatlar rəqəmsallaşdırılaraq “myGov” platformasında vətəndaşların şəxsi kabinetlərinə yerləşdirilib.

Onun sözlərinə görə, “myGov”da mövcud olan bir sıra məlumatlar artıq yeni hüquqi mühitə əsasən sadəcə məlumat deyil, kağız sənədə bərabər tutulan sənəd hesab olunur.

“Yəni qanunvericiliyə görə dövlət informasiya sistemlərində mövcud olan sənəd və məlumatların vətəndaşdan yenidən kağız formada tələb edilməsinə ehtiyac yoxdur”, – deyə Osman Gündüz qeyd edib.

O bildirib ki, buna baxmayaraq, “myGov”dakı rəqəmsal diplom və attestatlar yenidən kağıza çıxarılır, kağız formaya salınır və bunun müqabilində ayrıca xidmət göstərilir.

“Belə çıxır, rəqəmsallaşdırmışıq ki, yenidən kağıza qaytaraq?” – deyə Multimedia Mərkəzinin direktoru sual edib.

Osman Gündüzün fikrincə, əgər belə bir xidmətə tələb yaranıbsa, deməli, hansısa qurum və ya təşkilatlar rəqəmsal sənədi qəbul etmir və vətəndaşdan kağız variant tələb edir.

“Düşünürəm ki, İRİA və ETN ciddi şəkildə bunun fərqində olmalıdır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, hökumət bütün dövlət qurumları üzrə rəqəmsal sənədlərin kağız formada tələb edilməsi hallarını audit etməli, dövlətə məxsus informasiya sistemində mövcud olan məlumatların vətəndaşdan yenidən tələb edilməsini aradan qaldırmalıdır.

Osman Gündüz xaricdə təqdim olunan diplom və digər təhsil sənədləri üçün elektron apostil mexanizminin geniş tətbiqinin və onun “myGov”a inteqrasiyasının da faydalı olacağını bildirib.

“Çox maraqlıdır, görəsən, kimlər və hansı əsasla rəqəmsal diplom və attestatların kağız variantını tələb edir ki, bunun ətrafında ayrıca ‘kağızlaşdırma biznesi’ formalaşıb? Yoxsa sadəcə bu, necə deyərlər, ‘bəzək’ üçündür”, – deyə o qeyd edib.

Multimedia Mərkəzinin direktoru hesab edir ki, istənilən halda belə yanaşma rəqəmsal transformasiyanın məntiqinə ziddir.

O bildirib ki, bir tərəfdən hökumət şəffaflığın təmin olunması, vətəndaşlara rahatlıq yaradılması, vaxt və xərclərin azaldılması məqsədilə dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına milyonlarla vəsait və resurs sərf edir.

“Digər tərəfdən vətəndaş həmin rəqəmsal sənədi printerdən çıxarıb yenidən kağız formaya keçirir, yenidən əziyyət çəkir və əlavə xərclərlə üzləşir”, – Osman Gündüz vurğulayıb.

O, cəmiyyəti də bu cür hallara diqqətli olmağa və rəqəmsal transformasiyanı dəstəkləməyə çağırıb.

“Çünki rəqəmsallaşma sadəcə texnologiya deyil, rahatlıq, şəffaflıq, vaxta və xərclərə qənaətdir”, – deyə Osman Gündüz bildirib.

Onun fikrincə, bəlkə də diplom və attestatların rəqəmsallaşdırılmasının ilk ili olduğu üçün belə hallar hələ də yaşanır.

“Ümid edirəm, bu, sadəcə keçid dövrünün problemidir və getdikcə rəqəmsalı kağıza çevirənlərin sayı xeyli azalacaq”, – deyə o əlavə edib.

Vural


media-adspc

Bənzər xəbərlər