media-4519418

Uzun illər ASAN Xidmət sistemində sədrin müşaviri kimi çalışan Mehdi Cavadov işindən ayrılıb.

ERAmedia-nın məlumatına görə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, Mehdi Cavadov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) sədrinin rəqəmsal hökumətin idarəolunması üzrə müşaviri vəzifəsində fəaliyyətə başlayıb.

Onun sözlərinə görə, İRİA-da son dövrlər müşahidə olunan kadr axını, boşalan vəzifələr və qeyri-müəyyənlik fonunda bu təyinat təsadüfi deyil və uğurlu seçim hesab oluna bilər.

Osman Gündüz qeyd edib ki, bir müddət öncə Agentlikdə rəqəmsal hökumət istiqamətinə cavabdeh əsas şəxslərdən biri olan Rəşad Xalıqov da vəzifəsindən ayrılmışdı. Onun fikrincə, Mehdi Cavadovun məhz bu istiqamətə gətirilməsi göstərir ki, qurum rəqəmsal hökumət quruculuğunun yeni mərhələsində sistemin içindən gələn kadrlara ehtiyac duyur.

Ekspert hesab edir ki, gələcəkdə Mehdi Cavadovun hazırda İRİA-da vakant olan müavin vəzifəsinə təyin olunması da mümkündür.

Osman Gündüz xatırladıb ki, Mehdi Cavadov eGov-un ASAN dövründə elektron hökumət arxitekturasının əsas istiqamətlərinə cavabdeh şəxslərdən biri olub və sektorda peşəkar mütəxəssis kimi tanınır. O, həmçinin İRİA-nın sələfi olan Elektron Hökumətin İnkişafı Mərkəzində direktor müavini vəzifəsində çalışıb.

Bildirilib ki, hazırda istifadə olunan əsas komponentlər — “Digital Login” (ASAN Login), “myGov” (eGov) və “Digital Bridge” (ASAN Bridge) kimi sistemlərin bünövrəsi də məhz həmin dövrdə formalaşıb.

Azərbaycan İnternet Forumunun rəhbərinin sözlərinə görə, Azərbaycanın elektron hökumət quruculuğu artıq yeni mərhələyə daxil olur. O bildirib ki, əvvəlki mərhələlər əsasən elektron xidmətlərin yaradılması və inteqrasiyası ilə xarakterizə olunurdusa, hazırkı mərhələni rəqəmsal hökumətdə “ifrat mərkəzləşmə” mərhələsi adlandırmaq olar.

Osman Gündüz vurğulayıb ki, Prezident tərəfindən dövlət xidmətlərinin vahid platformada birləşdirilməsi, müxtəlif dövlət qurumlarının ayrıca mobil tətbiq və resurslarının mərhələli şəkildə ləğv edilərək “myGov” platformasına miqrasiyası xətti açıq şəkildə qarşıya qoyulub.

Ekspertin fikrincə, bu prosesin üstünlükləri ilə yanaşı ciddi riskləri də mövcuddur. O qeyd edib ki, bütün dövlət xidmətləri və rəqəmsal identifikasiya sistemlərinin bir nöqtədə cəmlənməsi dayanıqlılıq, kibertəhlükəsizlik, fasiləsiz işləmə və idarəetmə baxımından kritik əhəmiyyət daşıyır.

“Belə mərhələdə təsadüfi yox, sistemin tarixini, arxitekturasını və əvvəlki mərhələlərini bilən şəxslərin prosesə cəlb olunması xüsusi önəm daşıyır”, – deyə Osman Gündüz əlavə edib.

O, həmçinin bildirib ki, son zamanlar “klassik dövlət xidmətləri” çərçivəsindən kənara çıxaraq bir sıra rəqəmsal layihələr həyata keçirən və Aİ HUB Platformasını quran ASAN-ın bu təyinata uzun müddət müqavimət göstərdiyi sektorda bilinirdi.

“Əgər bu təyinat reallaşıbsa, deməli həm Mehdi bəylə, həm də qurumlar arasında razılıq əldə olunub”, – deyə o vurğulayıb.

Osman Gündüz Mehdi Cavadova yeni fəaliyyətində uğurlar arzulayıb.

Ekspert əlavə edib ki, yaxın vaxtlarda ASAN-da çalışan digər mütəxəssis Səmral bəylə bağlı da müəyyən yeniliklər ola bilər. O qeyd edib ki, hazırda İRİA-da innovasiya və startap sektoru üzrə bir çox vəzifələr vakantdır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər