Rəqəmsal İpək Yolundan Orta Dəhlizə: Azərbaycanın regional rolu güclənir
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Məşvərət görüşü tərəflər arasında siyasi və praktiki əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
ERAmedia-nın məlumatına görə, politoloq Rəfail Becanov Prezident İlham Əliyevin görüşdə iştirakını şərh edərkən bildirib ki, Azərbaycanın bu platformada tamhüquqlu iştirakçı statusu Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır.
Politoloqun sözlərinə görə, əməkdaşlığın əsas istiqamətlərindən biri Xəzər hövzəsi və Mərkəzi Asiyanın geoiqtisadi arxitekturasında baş verən dəyişikliklərdir. Xüsusilə enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat və kommunikasiya layihələrinin ön plana çıxması regional əməkdaşlığın daha sistemli və strateji xarakter aldığını göstərir.
Rəfail Becanov qeyd edib ki, bu baxımdan Xəzərin iki sahili arasında enerji bağlantıları xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, Mərkəzi Asiyanın zəngin enerji ehtiyatlarının Azərbaycan üzərindən dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsi regionda vahid enerji-logistika məkanının formalaşmasına töhfə verə bilər.
Politoloq rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın da diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan Trans-Xəzər Fiber-Optik Kabel Xətti Avropa ilə Asiya arasında rəqəmsal əlaqələrin gücləndirilməsinə xidmət edən layihələrdən biridir və Avropa-Asiya Rəqəmsal İpək Yolu təşəbbüsünün tərkib hissəsi kimi çıxış edir.
Onun sözlərinə görə, müasir dövrdə beynəlxalq rəqabət yalnız enerji resursları və ənənəvi nəqliyyat infrastrukturu ilə məhdudlaşmır. Məlumatların sürətli və təhlükəsiz ötürülməsi də ölkələrin iqtisadi rəqabət qabiliyyətinə və strateji dayanıqlılığına təsir göstərən mühüm amillərdəndir.
Rəfail Becanov hesab edir ki, Xəzərin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi Mərkəzi Asiya ölkələrinin Azərbaycan üzərindən Avropanın rəqəmsal məkanına inteqrasiyasını asanlaşdıra bilər. Bu layihələr regionda rəqəmsal bağlantıların genişləndirilməsi və məlumat mübadiləsinin sürətləndirilməsi baxımından əhəmiyyətlidir.
Politoloq diqqətə çatdırıb ki, enerji kəmərləri, Orta Dəhliz, limanlar və nəqliyyat infrastrukturu, eləcə də Xəzərin dibi ilə çəkilən optik kabel sistemləri bir-birini tamamlayan regional bağlantı elementləridir. Bu istiqamətlərin əlaqələndirilməsi Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında enerji, yük və məlumat axınlarının birləşdiyi mühüm platformalardan birinə çevirə bilər.
Rəfail Becanovun fikrincə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında yüksək səviyyəli əməkdaşlığın genişlənməsi Xəzər dənizinin strateji rolunu da artırır. Xəzər artıq yalnız enerji resurslarının daşınması baxımından deyil, həm də nəqliyyat, rəqəmsal kommunikasiya və məlumat axınlarının əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin Məşvərət görüşündə iştirakı və növbəti dövr üçün sədrliyin Azərbaycana keçməsi regional əməkdaşlığın əlaqələndirilməsi baxımından əlavə imkanlar yaradır. Onun sözlərinə görə, bu imkanlardan səmərəli istifadə enerji, Orta Dəhliz, Trans-Xəzər bağlantıları, rəqəmsal iqtisadiyyat və kommunikasiya layihələrinin uzlaşdırılmasına, eləcə də Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin daha da genişlənməsinə xidmət edə bilər.
Vural









