Rəqəmsal maliyyə ekosistemi üçün yeni imkanlar gündəmdədir
Blockchain Azerbaijan icmasının növbəti görüşü keçirilib.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz görüşün əsas mövzularından birinin stablecoin-lər və onların Azərbaycanda mümkün tətbiqi ilə bağlı olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun son açıqlamalarında rəqəmsal manat (CBDC) istiqamətində beynəlxalq təcrübənin hələ də izlənildiyi, qarşıdakı dövrdə isə stablecoin-lərə daha çox diqqət yetirilməsinin Mərkəzi Bankın fəaliyyət proqramında yer aldığı qeyd olunub.
Osman Gündüz vurğulayıb ki, hazırda bu istiqamətdə müəyyən qeyri-müəyyənliklər qalmaqdadır. Belə ki, stablecoin-lərin hansı qurum tərəfindən emissiya ediləcəyi ilə bağlı hələlik konkret mövqe açıqlanmayıb. Bu vəzifənin Mərkəzi Bank, kommersiya bankları, fintex şirkətləri, elektron pul təşkilatları və ya digər lisenziyalı özəl qurumlar tərəfindən həyata keçirilə biləcəyi ehtimal olunur.
Azərbaycan İnternet Forumunun prezidentinin fikrincə, sözügedən yanaşma ölkədə rəqəmsal maliyyə və virtual aktivlər ekosisteminin inkişafı baxımından yeni perspektivlər formalaşdırır. O qeyd edib ki, görüş zamanı mümkün modellər, beynəlxalq təcrübə, tənzimləmə mexanizmləri və yerli ekosistem üçün yarana biləcək imkanlar geniş şəkildə müzakirə olunub.
Osman Gündüz bildirib ki, müzakirələrin yekununda Blockchain Azerbaijan Mərkəzinin stablecoin-lərlə bağlı konkret təkliflər paketi hazırlaması və həmin sənədin Azərbaycan Mərkəzi Bankına təqdim olunması qərara alınıb.
Əli Fərhad









