“Rəqəmsal məktəb”də AI ekosistemi genişlənir
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz “Rəqəmsal məktəb” platformasında süni intellekt alətlərinin tətbiqi ilə bağlı fikirlərini bölüşüb.
ERAmedia xəbər verir ki, Osman Gündüz bildirib ki, artıq müəllimlər tədrisdə real olaraq süni intellekt alətlərindən istifadə etməyə başlayıblar və “Rəqəmsal məktəb” platforması təhsildə AI tətbiqləri baxımından böyük bir ekosistemə çevrilməkdədir.
O qeyd edib ki, bir müddət platformanı araşdırdıqdan sonra Elm və Təhsil Nazirliyinin son dövrlərdə süni intellektin real tətbiqi baxımından ölkədə ən sistemli çalışan dövlət qurumlarından birinə çevrildiyini müşahidə edib.
Onun sözlərinə görə, “Rəqəmsal məktəb” platforması üzərindən müəllim, şagird, məktəb rəhbərliyi və valideynlər üçün süni intellekt əsaslı müxtəlif rəqəmsal xidmətlər formalaşdırılır.
Osman Gündüz xatırladıb ki, Nazirlik son illərdə bu istiqamətdə Microsoft, Google və Presight kimi qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq qururdu. Onun fikrincə, artıq həmin əməkdaşlıqlar real işlək və faydalı ekosistemə çevrilməyə başlayıb.
Platformada müəllim və şagirdlər üçün bir sıra AI və rəqəmsal alətlərin təqdim olunduğunu deyən forum rəhbəri bunları sadalayıb:
Google Gemini
– dərs planlarının hazırlanması, mövzuların izahı, test və tapşırıqların yaradılması üçün;
NotebookLM
– müəllimin öz materialları əsasında xülasə, təqdimat, fərdiləşdirilmiş resurs və tapşırıqların hazırlanması üçün;
Google Classroom
, Google Docs
, Google Forms
, Google Drive
və Google Meet
– tədris və idarəetmə proseslərinin vahid mühitdə təşkili üçün.
Bundan əlavə, Microsoft Copilot platformasının da müəllimlər üçün lokallaşdırıldığını bildirən Osman Gündüz deyib ki, sistem kurikulum əsaslı AI köməkçisi kimi müəllimlərə qiymətləndirmə, rubrika, test və metodik materialların hazırlanmasında dəstək verir.
O əlavə edib ki, ötən il Elm və Təhsil Nazirliyi Dubayda Presight
ilə təhsildə süni intellektin tətbiqini müzakirə edib və hazırda Presight/G42 əməkdaşlığı çərçivəsində müəllimlər üçün “Rəqəmsal Köməkçi” AI agenti də formalaşdırılıb.
“Test etdim. Bu artıq sadə chatbot deyil. Lokal təhsil sisteminə uyğunlaşdırılmış, kifayət qədər peşəkar AI əsaslı dəstək modelidir”, – deyə o vurğulayıb.
Forum rəhbərinin fikrincə, platformada müəllim üçün AI köməkçi, şagird üçün fərdiləşdirilmiş öyrənmə, valideyn üçün şəffaf monitorinq, məktəb rəhbərliyi üçün isə analitika və idarəetmə imkanları yaradılıb.
Osman Gündüz hesab edir ki, Elm və Təhsil Nazirliyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi platformanı davamlı şəkildə zənginləşdirib AI modellərini təkmilləşdirə bilsə, Azərbaycanda AI əsaslı böyük milli təhsil platforması formalaşa bilər.
Onun sözlərinə görə, bu, ölkədə təhsilin inkişafı və keyfiyyət dəyişiklikləri baxımından mühüm addım olacaq və Nazirliyin təhsildə süni intellektin tətbiqi istiqamətində atdığı praktik addımlar təqdirəlayiqdir.
Vüsalə










