Rəqəmsal sübutların araşdırılması üçün yeni imkan yaradılıb
Azərbaycan Texniki Universitetində (AzTU) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) dəstəyi ilə Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib.
ERAmedia xəbər verir ki, Multimedia Mərkəzinin direktoru Osman Gündüz laboratoriyanın əhəmiyyətini şərh edərkən bildirib ki, onun özəlliyi yalnız müasir texnologiyalarla təchiz olunmasında deyil.
Onun sözlərinə görə, laboratoriyada zərərli proqramlar, kiberhücumların texniki izləri və rəqəmsal sübutlar real insidentlər əsasında araşdırılacaq. Bu imkan tələbələrə, müəllimlərə və mütəxəssislərə nəzəri biliklərini praktik təcrübə ilə birləşdirmək imkanı yaradacaq.
Osman Gündüz qeyd edib ki, laboratoriyanın XRİTDX-nin qapalı şəbəkəsinə qoşulması və Xidmət əməkdaşlarının burada daimi çalışması onun əhəmiyyətini daha da artırır.
“Faktiki olaraq, laboratoriya universitet daxilində yerləşən və XRİTDX-nin fəaliyyəti ilə birbaşa bağlı praktik araşdırma məkanı olacaq. Bu, tədrislə real kibermüdafiə işləri arasında davamlı əlaqə yaradır”, – deyə o vurğulayıb.
Multimedia Mərkəzinin direktorunun fikrincə, kiberhücumların mürəkkəbləşdiyi indiki şəraitdə belə imkanların yaradılması ölkə üçün xüsusi əhəmiyyət daşıyır.
Osman Gündüz XRİTDX-nin universitetlə əməkdaşlığa, praktik təlimlərə və yerli kadrların hazırlanmasına verdiyi ardıcıl diqqətin əhəmiyyətli olduğunu bildirib.
Laboratoriyanın açılış mərasimində XRİTDX-nin rəisi, general-leytenant İlqar Musayev və AzTU-nun rektoru Vilayət Vəliyev iştirak ediblər.
Mələk Onur









