media-1715938836_1672043084_1585111693

Dünya sürətlə dəyişir və texnoloji yeniliklərdən geri qalan ölkələri ciddi çağırışlar gözləyir.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin sədr müavini Musa Qasımlı bildirib ki, müasir dövrdə dövlətlərin qarşısında duran əsas vəzifələrdən biri rəqəmsal inkişafla milli təhlükəsizlik arasında düzgün tarazlığın təmin edilməsidir. Onun sözlərinə görə, əvvəllər dövlətlərin quru, su və hava sərhədlərinin pozulması beynəlxalq hüququn pozulması hesab edilirdisə, bu gün informasiya məkanı və kibermühit də milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib.

Deputat qeyd edib ki, radio və televiziyanın meydana çıxmasından sonra dövlətlər informasiya məkanını qorumağa çalışsalar da, internet, rəqəmsallaşma və mobil texnologiyaların sürətli inkişafı nəticəsində dünya xeyli kiçilib və demək olar ki, hər kəsin cibindəki telefona sığıb. Bir neçə dəqiqə ərzində istənilən şəxs haqqında məlumat toplamaq, dünyanın istənilən nöqtəsi ilə səsli və görüntülü əlaqə yaratmaq mümkündür. Bu inkişaf böyük imkanlar yaratmaqla yanaşı, yeni təhlükəsizlik risklərini də meydana çıxarıb.

Musa Qasımlı vurğulayıb ki, rəqəmsal inkişaf, süni intellekt və yeni texnologiyaların tətbiqi açıqlıq və əməkdaşlıq tələb etdiyi halda, milli təhlükəsizliyin etibarlı qorunması informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində ciddi tədbirlərin görülməsini zəruri edir. Onun sözlərinə görə, rəqəmsal suverenliyini təmin edə bilməyən, kibertəhlükəsizlik sistemini gücləndirməyən dövlətlər artıq klassik və yeni müstəmləkəçilikdən fərqli olaraq “rəqəmsal müstəmləkəçilik” təhlükəsi ilə üz-üzə qalırlar.

Sədr müavini bildirib ki, rəqəmsallaşmanı vaxtında həyata keçirən, informasiya təhlükəsizliyini təmin edən, iqtisadiyyat, təhsil və digər sahələrdə müasir idarəetmə mexanizmləri quran dövlətlər qlobal rəqabətdə üstün mövqe əldə edəcəklər.

Musa Qasımlı xatırladıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin fevral ayında keçirilən müşavirədə Azərbaycanın rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul olunub. Onun sözlərinə görə, dövlətin bu sahədə vahid siyasətini təmin etmək məqsədilə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb və konkret fəaliyyət planı təsdiq edilib.

Deputatın sözlərinə görə, fəaliyyət planının əsas istiqamətlərini rəqəmsallaşma, süni intellekt, innovasiya ekosisteminin inkişafı və kibertəhlükəsizlik təşkil edir. Məqsəd dövlət idarəetməsinin çevikliyini artırmaq, ümumi daxili məhsulda rəqəmsal iqtisadiyyatın payını yüksəltmək, bunun üçün müasir infrastruktur yaratmaq, qanunvericiliyi təkmilləşdirmək və güclü insan kapitalı formalaşdırmaqdır.

Musa Qasımlı qeyd edib ki, Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında fəaliyyət planının icra vəziyyəti, qanunvericilik islahatları, təhsilin rəqəmsallaşdırılması və digər mühüm məsələlər müzakirə olunub. O bildirib ki, həyata keçirilən tədbirlərin əsas məqsədi kibertəhlükəsizliyin etibarlı təmin edilməsi, dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan olması, vətəndaş–məmur təmasının minimuma endirilməsi, şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, həmçinin bürokratik maneələrin aradan qaldırılmasıdır.

Milli Məclisin sədr müavini vurğulayıb ki, ölkədə həyata keçirilən bütün islahatlar dövlətin daha da güclənməsinə, milli təhlükəsizliyin möhkəmləndirilməsinə və vətəndaşların rifahının yüksəldilməsinə xidmət edir. Onun fikrincə, yalnız güclü dövlət vətəndaşın təhlükəsizliyini və yüksək həyat səviyyəsini etibarlı şəkildə təmin edə bilər.


media-adspc

Bənzər xəbərlər