Rəqəmsallaşan dünyada tələbələrin tədqiqat bacarıqları ön plana çıxır
Milli Məclisin deputatı Vüqar Bayramov Bakı Mühəndislik Universitetində (BMU) tədris prosesində interaktiv metodların tətbiqinin, tələbələrin tədqiqat bacarıqlarının inkişaf etdirilməsinin və onların beynəlxalq elmi platformalarda iştirakının əhəmiyyətindən danışıb.
Deputatın ERAmedia-ya açıqlamasına görə, tələbələrin təhlil aparmaq, birgə çalışmaq və təqdimat bacarıqlarının artırılması müasir təhsilin əsas istiqamətlərindən biridir.
O bildirib ki, Bakı Mühəndislik Universitetində tədris zamanı daha çox interaktiv metodlardan istifadə edilməsinə çalışılır. Bu çərçivədə elektron modellərin hazırlanması, qrup işləri, təqdimatlar və interaktiv müzakirələr kimi üsullara üstünlük verilir.
Vüqar Bayramov qeyd edib ki, BMU-nun İqtisadiyyat fakültəsində maliyyə fənlərinin tədrisi ilə yanaşı, tələbələrin elmi və praktiki məqalələr hazırlaması da onların tədqiqat bacarıqlarının inkişafına mühüm töhfə verir.
Deputatın sözlərinə görə, əsas məqsədlərdən biri tələbələrin beynəlxalq konfranslarda iştirakına dəstək olmaq, onların elmi araşdırmalarını geniş auditoriyaya çatdırmaq və rəqəmsallaşan dünyada tədqiqat nəticələri ilə fərqlənmələrinə şərait yaratmaqdır.
O vurğulayıb ki, BMU-nun İqtisadiyyat fakültəsində təhsil almağa gənclərin marağının artması gələcəkdə daha çox azərbaycanlı tələbənin beynəlxalq elmi və akademik platformalarda ölkəmizi təmsil etməsinə imkan yarada bilər.
“İnanıram ki, yeni nəsil arasında BMU-nun İqtisadiyyat fakültəsində təhsil almağa artan maraq daha çox gənclərimizin beynəlxalq arenada ölkəmizi təmsil etməsinə şərait yaradacaq”, – deyə deputat bildirib.
Vüqar Bayramov əlavə edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi və inkişafı müasir, innovativ və interaktiv metodların tədris prosesində tətbiqi səviyyəsindən birbaşa asılıdır.
Mələk Onur









