Rəvan Həsənov ABŞ-yə səfəri çərçivəsində Ağ Evdə görüşlərdə iştirak edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan nümayəndə heyətinin tərkibində Vaşinqtona rəsmi səfəri çərçivəsində Ağ Evdə Vitse-prezident Ofisinin Milli Təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, Vitse-prezident Ofisinin Strateji məsələlər üzrə xüsusi müşaviri Maykl İmbrenda və Dövlət Departamentinin Siyasət Planlaşdırma İdarəsinin üzvü Conatan Askonas ilə görüşüb.
ERAmedia xəbər verir ki, görüşdə nümayəndə heyətinin rəhbəri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili idə iştirak ediblər.
Görüş zamanı Ağ Evə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin təşviqinə və bu istiqamətdə göstərdiyi səylərə görə dərin təşəkkür bildirildi. Qeyd olundu ki, ABŞ administrasiyasının regionda sülhün və sabitliyin təmin olunmasına verdiyi töhfə Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda vurğulandı ki, sülh prosesinin davamlı olması üçün qarşılıqlı etimadın möhkəmləndirilməsi və dialoqun dəstəklənməsi vacibdir. Görüşdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinin qlobal sülh və sabitliyin möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulandı. Qeyd olundu ki, müxtəlif din və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı hörmətin, anlayışın və əməkdaşlığın gücləndirilməsi cəmiyyətlərdə tolerantlıq mühitinin formalaşmasına xidmət edir. Həmçinin, ayrı-seçkiliyin, ksenofobiyanın, antisemitizmin, islamofobiyanın və nifrət zəminində zorakılığın istənilən növünə qarşı birgə mübarizənin vacibliyi önə çəkildi.
Görüş zamanı işğaldan azad olunmuş tarixi torpaqlarımızda erməni işğalı nəticəsində dağıdılmış, təhqir edilmiş və məqsədyönlü şəkildə mənimsənilmiş mədəni irsimizlə bağlı məsələlər də diqqətə çatdırıldı. Bildirildi ki, həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, dini və memarlıq abidələri, məscidlər, qəbiristanlıqlar, muzeylər və digər mədəni obyektlər sistemli şəkildə məhv edilib və bu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Vurğulandı ki, erməni kilsəsinin müharibəyə revanşist çağırışlar etməsi regionda sülhün və sabitliyin bərqərar olunmasına ciddi maneə yaradır. Bu cür davranışların qəbuledilməz olduğu və din xadimlərinin barış, anlayış və qarşılıqlı hörmət kimi dəyərləri təşviq etməli olduqları xüsusi olaraq qeyd edildi. Tərəflər bu cür təxribat xarakterli çağırışların qarşısının alınması, sülhün və qarşılıqlı etimad mühitinin gücləndirilməsi istiqamətində beynəlxalq ictimaiyyətin birgə səylərinin vacibliyini vurğuladılar.