Rezidenturaya qəbulun növbəti mərhələsi üçün qeydiyyat aparılır
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır.
ERAmedia-ya bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış, yəni 40 və daha çox bal toplamış və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün iyulun 22-dən 30-dək saat 23:59-dək qeydiyyatdan keçə bilərlər.
Namizədlər qeydiyyat üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə etməlidirlər. Qeydiyyatdan keçməyən şəxslər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.
Qeyd olunub ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan və 40-dan çox bal toplayan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam başa vurduqdan sonra buraxılacaqlar.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 9-da Bakı və Naxçıvan şəhərlərində elektron formada keçirilməsi nəzərdə tutulur.









