Romantika faciə ilə nəticələndi: Bloger nişanından sonra dünyasını dəyişdi
31 yaşlı Nyu-Cersi sakini, sosial şəbəkələrdə Eşli Jenae adı ilə tanınan influenser Eşli Robinson nişanlandıqdan cəmi bir neçə gün sonra Zanzibarda ad gününü qeyd edərkən faciəvi şəkildə dünyasını dəyişib.
ERAmedia xəbər verir ki, məlumata görə, qadın aprelin 9-da ölü halda tapılıb. Bundan bir qədər əvvəl o, valideynlərinə bildirib ki, özündən xeyli yaş böyük olan nişanlısı ilə səfəri planlandığı kimi getmir.
Onun seçdiyi şəxs, 45 yaşlı Co Makken Eşlinin ad günündən cəmi iki gün əvvəl ona evlilik təklifi etmişdi. Valideynlərinin bildirdiyinə görə, cütlük təxminən bir ildir münasibətdə idi. 8 apreldə blogerlə əlaqənin qəfil kəsilməsinə qədər hər şey romantik bir nağıl kimi görünürdü.
Valideynləri ilə son danışığı zamanı Eşli Makken ilə ciddi mübahisə etdiyini etiraf etmişdi. Münaqişə o qədər ciddi olub ki, otel işçiləri onları ayrı otaqlara yerləşdirmişdi.
Növbəti gün kişi Eşlinin valideynlərinə zəng edərək onun “özünə nəsə etdiyini” dolayısı ilə bildirib. Əvvəlcə onun vəziyyətinin stabil olduğunu desə də, daha sonra Eşlinin həmin gün vəfat etdiyi məlum olub.
Tibbi rəyə görə, ölüm səbəbi boğazın sıxılması və boğulma nəticəsində beyin hipoksiyası olub. Hesabatda boyunda mənşəyi müəyyən edilməmiş izin olduğu da qeyd edilir. Makken isə onun “qapıda asılı vəziyyətdə tapıldığını” iddia edib.
Ailəsi intihar versiyasına inanmır və polis, otel personalı və həmin şəxsdən aydın izahat tələb edir. “O, özünə zərər vermək barədə heç vaxt işarə verməyib. O, xoşbəxt idi”, — deyə Eşlinin anası bildirib.
Zanzibar polisi bildirir ki, Makken iş üzrə şahid qismində dindirilir və şübhəli şəxs deyil, lakin onun pasportu müvəqqəti olaraq götürülüb.
Romantik səfərlə başlayan bu hekayə faciə ilə sona çatıb və cavabdan çox sual buraxıb.
Vüsalə









