Rövşən Camalovun döyüş yolu: Yaralı halda hospitaldan qaçıb cəbhəyə qayıtdı - FOTO
Şəhidlər Xiyabanında dəfn olunan, uşaqlıq dostu və qardaşı qədər yaxın bildiyi Rövşən Camalovun həyat və döyüş yolundan danışan tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev onunla bağlı xatirələrini ERAmedia ilə bölüşüb.
Zaur Əliyevin sözlərinə görə, Rövşən Saleh oğlu Camalov 1973-cü ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. O, Ağdamın köklü, dindar və qəhrəmanlıq ənənələri ilə tanınan “Kərbəlayi Miralılar” nəslinin nümayəndəsi olub.
Rövşən Seyidli kənd orta məktəbini bitirdikdən sonra Ağdam peşə məktəbinə qəbul olub. Lakin Qarabağ müharibəsinin başlaması onun həyatını dəyişib. O, təhsilini yarımçıq qoyaraq silaha sarılıb və doğma Ağdamın müdafiəsinə qalxıb.
Zaur Əliyev bildirir ki, Rövşənin qardaşı Bəhruz Camalov da Qarabağ müharibəsində iştirak edib və döyüşlər zamanı hər iki ayağını itirib.
“Ağdamda Saleh əminin bu iki qəhrəman oğlu haqqında kimdən soruşsanız, hər kəs fəxrlə danışar”, – deyə Zaur Əliyev qeyd edib.
Döyüşlər zamanı Kalaşnikov pulemyotundan – PK pulemyotundan məharətlə istifadə edən Rövşən cəbhədə “PK Rövşən” və “Rembo Rövşən” kimi tanınıb. Onun düşmənə qarşı döyüşlərdə göstərdiyi cəsarət və fəallıq bu ləqəblərin qazanılmasına səbəb olub.
Şelli kəndi uğrunda gedən ağır döyüşlərdən birində Rövşən ağır yaralanıb. Buna baxmayaraq, o, döyüş meydanını tərk etməyib və başqa bir yaralı silahdaşını atəş xəttindən çıxararaq onun həyatını xilas edib.
Yaralandıqdan sonra hospitalda müalicə olunan Rövşəndən televiziya kanallarından biri müsahibə də alıb. Lakin onun müalicəsi uzun çəkməyib. Yaraları tam sağalmamış Rövşən həkimlərin etirazına baxmayaraq hospitaldan çıxaraq yenidən ön cəbhəyə – silahdaşlarının yanına qayıdıb.
Zaur Əliyev qeyd edir ki, həmin dövrdə batalyonda Rövşənlə bağlı xüsusi bir inam formalaşmışdı. Döyüşçülər düşünürdülər ki, əgər Rövşən əməliyyat zamanı ön xəttdə PK pulemyotu ilə onların yanında olursa, mövqeləri qorumaq mümkün olacaq.
Rövşənin qəhrəmanlıqlarından biri də Şelli kəndi ətrafındakı döyüşlər zamanı baş verib. Döyüşlərin ən qızğın anında bir neçə silahdaşı ağır yaralanıb. Ərazi düşmən atəşi altında olduğundan yaralılara yaxınlaşmaq son dərəcə təhlükəli olub.
Belə bir vəziyyətdə Rövşən Təcili Tibbi Yardım avtomobilinin sükanı arxasına keçərək birbaşa atəş xəttinə daxil olub. O, ağır yaralanmış silahdaşlarını bir-bir avtomobilə götürərək düşmən atəşi altından çıxarıb və hərbi hospitala çatdırıb.
1993-cü ilin son günlərində erməni qüvvələri Qaraqaşlı kəndi istiqamətində böyük qüvvə ilə hücuma keçib. Şiddətli döyüşlər nəticəsində mövqeləri saxlamaq çətinləşib və hərbi komandanlıq əsgərlərə geri çəkilmək əmri verib.
Lakin Rövşən torpağın düşmənə buraxılması ilə razılaşmayıb.
“Mən geriyə addım atmayacam, mövqeyi qoruyacam!” – deyərək geri çəkilməyib.
Bölüyün digər üzvlərinin təhlükəsiz şəkildə geri çəkilməsini təmin etmək və düşmənin irəliləməsinin qarşısını almaq üçün Rövşən ön xətdə tək qalıb. O, PK pulemyotu ilə qarşıdan gələn düşmən qüvvələrinə qarşı fasiləsiz atəş açıb.
Döyüşün ən qızğın anında isə düşmən snayperinin açdığı atəş nəticəsində şəhid olub. 31 dekabr 1993-cü il Rövşən Camalovun həyatının son günü olub.
Rövşən Camalov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Onun dəfn mərasiminə Ağdamdan, Bakıdan və Azərbaycanın müxtəlif rayonlarından minlərlə insan qatılıb.
Zaur Əliyev şəhid dostunun məzarını bu gün də ziyarət etdiyini bildirərək onunla bağlı şəxsi xatirələrini də bölüşüb:
“Gözləri açıq dəfn edilib. Üzü Ağdama baxır məzarının. Uşaqlıq dostum, qardaşım qədər bir insan idi. Rövşən Camalov – PK Rövşən, Rembo Rövşən kimi tanınan qardaşım. Bu gün səni yenə ziyarət elədim. Yenə məzar daşından baxan gözlərindən öpdüm. Sən mənim doğmamsan. Ailəmsən”.
Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli fərmanı ilə Rövşən Camalov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Rövşən Camalova məxsus şəxsi materiallar və döyüş geyimləri isə hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Fondunda xüsusi eksponat kimi qorunur.


Əli Fərha









