media-abs_1746954653

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyada ehtimal olunan taun hadisəsi və bununla əlaqədar tətbiq edilən karantin tədbirləri barədə məlumatları izləyir.

ERAmedia xəbər verir ki, Ağ Ev nümayəndəsi Axios-a açıqlamasında administrasiyanın baş verənlərdən xəbərdar olduğunu və vəziyyətin inkişafı ilə bağlı mümkün variantları qiymətləndirdiyini bildirib. Ağ Ev məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina edərək sualları Dövlət Departamentinə yönləndirib, lakin departament sorğuya cavab verməyib.

Bundan əvvəl Rusiya rəsmiləri sentyabrın 29-da İrkutsk Taun Əleyhinə Mübarizə İnstitutunun əməkdaşının ağır pnevmoniya simptomları ilə xəstəxanaya yerləşdirildiyini və oktyabrın 1-dən 2-nə keçən gecə öldüyünü açıqlamışdı. Bununla yanaşı, KİV həmin şəxsin ağciyər taununun qurbanı olduğunu yazmışdı.

Versiyalardan birinə görə, 27 yaşlı qadın Monqolustanla sərhəddə taun ocağının qeydə alındığı Buryatiyadakı xidməti səfərdən qayıdıb. Digər versiyaya əsasən isə o, laboratoriyada təhlükəli bakteriyanın olduğu sınaq şüşəsini təsadüfən sındırıb. Rospotrebnadzor ikinci versiyanı təkzib edərək patogen mikroorqanizmlərlə iş zamanı hər hansı qəza halının qeydə alınmadığını bildirib.

Buna baxmayaraq, qadının öldüyü Şelexov xəstəxanası karantinə bağlanıb. Bundan başqa, mərhumla təmasda olmuş 189 nəfər müəyyən edilərək xəstəxanaya yerləşdirilib.

Oktyabrın 2-də İrkutsk vilayətinin qubernatoru İqor Kobzev xəstəxanaya yerləşdirilən şəxslərdə xəstəlik əlamətlərinin olmadığını və laboratoriya müayinələrinin nəticələrinin mənfi çıxdığını bildirib.

Oktyabrın 3-də səhər saatlarında Baykalsk administrasiyası sakinlərə taun səbəbindən baş vermiş ölüm hadisəsi ilə əlaqədar müvəqqəti olaraq Şelexova və qonşu yaşayış məntəqələrinə getməməyi tövsiyə edib. Lakin bu paylaşım daha sonra silinib.

Taun Yersinia pestis bakteriyasının törətdiyi kəskin infeksion xəstəlikdir. Xəstəliyin əsas formaları bubon, ağciyər və septik formalardır. İnsan ən çox gəmiricilərin üzərindəki yoluxmuş birələrin dişləməsi nəticəsində yoluxur. Ağciyər taunu isə tənəffüs yolları vasitəsilə insandan insana keçə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xəstə antibiotik müalicəsi almadıqda, xüsusilə müalicəyə ilk 24 saat ərzində başlanılmadıqda, xəstəliyin ölümcül olma riski son dərəcə yüksəkdir.

Rusiyada taun xəstəliyinin son qeydə alınmış halı 2016-cı ildə Altayda baş verib. Həmin vaxt marmot cəmdəyini yararkən dərisindəki zədədən yoluxan 10 yaşlı oğlan vaxtında müalicə sayəsində sağalıb.

Vüsal


media-adspc

Bənzər xəbərlər