media-1714025650954232391_1200x630

Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” Partiyasından olan deputatı Aleksandr Tolmaçevin Azərbaycanın xarici siyasəti ilə bağlı səsləndirdiyi fikirlər Bakı-Moskva münasibətlərinin perspektivi ətrafında yeni müzakirələrə səbəb olub.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, bu cür bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlıq haqqında verilən açıqlamalarla uzlaşmır.

Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıqdan danışmaq çətindir, çünki bu formatı pozan tərəf əksər hallarda məhz həmin əməkdaşlıq barədə daha çox danışan Rusiyadır.

Şərhçi xatırladıb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov cəmi dörd gün əvvəl Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə iki ölkənin informasiya siyasətində yaranan problemlərdən danışmış, mediada münasibətlərin daha obyektiv işıqlandırılması üçün birbaşa media əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulamışdı.

Elxan Şahinoğlunun fikrincə, Lavrovun bu çağırışından cəmi dörd gün sonra Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçevin Azərbaycana qarşı səsləndirdiyi ittiham və hədələyici xarakterli açıqlamalar Moskvanın rəsmi bəyanatları ilə ziddiyyət təşkil edir.

Siyasi şərhçi qeyd edib ki, Tolmaçev Azərbaycanın Almaniya və ümumilikdə Avropa ilə münasibətlərini inkişaf etdirmək siyasətini tənqid edib, ölkəni Ukrayna və Ermənistanın “səhvlərindən nəticə çıxarmağa” çağırıb. Onun fikrincə, belə açıqlamalara Rusiya hakimiyyətindən hər hansı etirazın səsləndirilməməsi diqqət çəkir.

“Rusiya hakim partiyasının deputatına ‘Sənin sözlərin Azərbaycanla tərəfdaşlığa zərər vurur’ deyən yoxdur. Bu isə belə bir təəssürat yaradır ki, Kreml özü deyə bilmədiyi fikirləri deputatları vasitəsilə ictimaiyyətə çatdırır”, – deyə Elxan Şahinoğlu bildirib.

Şərhçi hesab edir ki, əgər vəziyyət həqiqətən də belədirsə, o zaman Kremlin Azərbaycanla strateji tərəfdaşlıq barədə verdiyi bəyanatlar reallığı əks etdirmir.

Elxan Şahinoğlu vurğulayıb ki, Azərbaycanın Almaniya, Avropa İttifaqı və ABŞ ilə münasibətlərini inkişaf etdirməsi ölkənin suveren hüququdur və heç bir dövlət bununla bağlı Bakıya təzyiq göstərməyə və ya hədələyici mesajlar verməyə əsaslı hesab edilə bilməz. Onun sözlərinə görə, Rusiyanın bu məsələyə müdaxilə cəhdləri qəbuledilməzdir.


media-adspc

Bənzər xəbərlər