Rusiyaya qarşı hərbi ittifaq - TARİXİ HƏMLƏ
İngiltərə və Norveç Rusiyanın artan fəaliyyəti və regiondakı kritik infrastruktur üçün yaranan təhdidlərə cavab olaraq yeni hərbi ittifaq yaradıb.
ERAmedia xəbər verir ki, sazişə əsasən, iki ölkə Baltik dənizində sualtı kabelləri qorumaq və Rusiya sualtı qayıqlarını izləmək üçün ümumilikdə 13 hərbi gəmi ilə fasiləsiz patrul xidmətinə başlayacaq. Gəmilərdən 8-i Böyük Britaniya Kral Donanmasına məxsus olacaq.
İngiltərənin Baş naziri Keyr Starmer imzalanan razılaşmanı “tarixi” adlandıraraq bildirib ki, “bu, yeni dövrün başlanğıcıdır, sahədə gücümüz birliyimizdən gəlir”. Onun sözlərinə görə, son aylarda Rusiyanın Avropa sahillərindəki hərbi fəaliyyəti 30% artıb.
Bölgədə gərginliyi artıran hadisələrdən biri də Rusiyanın sanksiyaları aşmaq üçün istifadə etdiyi “kölgə donanması”na aid ticarət tankerlerin İsveç və Litva arasındakı kritik sualtı kabelləri lövbər salaraq zədələdiyi iddiaları olub. Bu kabellər Avropanın internet və enerji infrastrukturunun ən həssas nöqtələri sayılır.
Son aylarda Rusiyanın nüvə sualtı qayıqlarının da Baltik dənizi yaxınlığında daha fəal hərəkət etdiyi bildirilir. NATO isə bu vəziyyəti “Qərb infrastrukturuna yönəlik ən aktiv təhdid” kimi qiymətləndirib.
Yeni ittifaq çərçivəsində İngiltərə və Norveç Baltik dənizində təhlükəsizlik, müşahidə və kritik infrastrukturun qorunması üzrə birgə fəaliyyətini gücləndirəcək.










