Saatlıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəbin açılışı olub - FOTO
Saatlı rayonunda yeni inşa olunan İkram Ağayev adına Nabatkənd tam orta məktəbin binasının açılışı olub. Heydər Əliyev Fondunun tərəfindən inşa olunan yeni binanın açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Astanov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
ERAmedia xəbər verir ki, açılış mərasimində çıxış edənlər dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Qeyd edilib ki, son illər bir çox ucqar kənddə yeni məktəb binaları inşa edilib, həmçinin bir sıra binalar əsaslı təmir olunub. Bildirilib ki, Nabatkənd tam orta məktəbin binası 1937-ci ildə inşa edilib. Ötən müddət ərzində bina istifadəyə yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası inşa olunub.
624 şagird yerlik yeni məktəb binasının inşasına 2024-cü il may ayında başlanılıb. Dördmərtəbəli məktəb binası 4 korpusdan ibarətdir. Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, asfalt örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.
Daha sonra məktəb binasında yaradılan şəraitlə tanışlıq olub.