Sabaha açılan unudulmaz 1 May Günü və yaxud dönüb geri baxanda!
1 may! Uşaqlıq və gənclik illərimin ən gözəl bir günü! Ailəmizdə necə böyük sevgi-sevinclə qarşılanırdı bu gün! Körpə, məktəbli, tələbə, müəllim Səxavətin dünyaya gəliş günü!..
…Atalı-analı günlərimiz idi. Atam kolxoz sədri olsa da sadə və təmtəraqsız şəraitdə yaşıyırdıq. Evimizin ən əziz qonaqları kəndin qayğıya ehtiyacı olan insanları idi. Təmtəraqlı heç nəyimiz yox idi.
…Valideyn tövsiyələri, nəsihətləri qəlbimizə hakim oldu. İnsanları sevib, onlara qayğılı olmağı öyrəndik.
…İllər necə gəldi, necə keçdi heç özümüz də bilmədik. 37 il doğma kəndimizdə uşaqlıq, məktəb illərim keçən, müəllim kimi əmək fəaliyyətinə başladığım Əliqulular məktəbində ( İmişli) məktəb direktoru işlədim. İşlədiyim müddətdə sağlam, mənəvi-psixoloji mühit yaşanan bir kollektiv yaratdım. Yenə də o kollektivləyəm, özümü o kollektivdən ayrı hesab edə bilmirəm. Yaşadığım ərazinin insanlarından, işlədiyim pedaqoji kollektivdən, əhatəmdə olan dostlardan aldığım müsbət enerji, xoş münasibət mənə ilham verir.
…Yaş üstə yaş gəlsə də, qəlbimdə bir ruh, bir rövnəq, bir yaşam, qurub-yaratmaq duyğusu var. Nə yaxşı bu belədir. Keçdiyim həyat yolu, dövlətimdən aldığım ilham, cənab Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamları ilə müəllim kimi layiq görüldüyüm Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adı, yazıçı-publisist kimi Prezident mükafatı, mətbuat insanı kimi “Azərbaycan milli mətbuatın 150 illiyi”(1875-2025) Azərbaycan Respublikasının yubiley müdalı ən böyük şərəfimdir. Təhsilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına verdiyim töhfələr, yazdığım kitablar (“Qarabağ düşüncəsi”, “Bir nəslin dörd fəsli”, “Ana fəryadı”, ” Şərqin bülblü”, ” Gecikmiş məktub”, “Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi”-metodik vəsait), əməyimə verilən mükafatlar- “Turan birliyi” və ” Vətənpərvərlik işinə görə” medalları, ” Yunus Emre”, Beynəlxalq Rəsil Rza və “Qızıl qələm” mükafatları ömür kitabımın ən gözəl naxışlarıdır.
Bütün bunlar bir yana.Hər kəs məni Azərbaycan gəncliyinin dostu, yolgöstərəni kimi tanıyıb, dəyərləndirir. Bu misyadan şərəf duyuram.Sağlam gənclik gələcəyimizdir. Ona görə də hər bir sağlam əqidə-amallı gənci övlad kimi dəyərləndirib, sevirəm.
Yaşasın 1 may! Məni həyata gətirən doğma gün! Gözəl gün, gözəl ay!
Əziz dostlar, Sizə inam və ümid, sevgi və sevinc dolu həyat, yaşam arzulayıram!
Səxavət TAĞLAR,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident mükafatçısı.









