Sabiq deputat: “Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşıb”
1988-ci ildən başlayaraq Ermənistan və Qarabağ ətrafında baş verən hadisələr regionda uzunmüddətli siyasi gərginliyin əsas səbəblərindən biri kimi qiymətləndirilir.
Milli Məclisin sabiq deptatı Etibar Əliyev ERAmedia-ya verdiyi açıqlamada həmin dövrdən başlayaraq Ermənistan daxilində baş verən siyasi proseslər, mitinqlər və onların regiondakı azərbaycanlı əhaliyə təsirləri barədə fikirlərini bölüşüb.
O, bildirib ki, 1988-ci ildə başlayan etiraz aksiyaları və səsləndirilən şüarlar gərginliyin artmasına səbəb olub və bunun ardınca əhalinin kütləvi köçü prosesi baş verib. Onun sözlərinə görə, həmin dövrdə Ermənistanın siyasi rəhbərliyindəki dəyişikliklər münaqişənin daha da dərinləşməsinə təsir göstərib.
Açıqlamada 1990-cı illərdə Qarabağ müharibəsi və ətraf rayonların işğalı ilə bağlı proseslərə də toxunulub. Etibar Əliyev həmin mərhələdə müxtəlif siyasi fiqurların və ideoloji cərəyanların hadisələrin gedişatına təsir etdiyini iddia edib.
O, həmçinin 1999-cu ildə Ermənistan parlamentində baş verən silahlı insidentin ölkənin siyasi həyatında ciddi dönüş nöqtəsi olduğunu qeyd edib və bu hadisənin daxili siyasi balansı dəyişdirdiyini bildirib.
Sabiq deputat 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsini xatırladaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını regionda yeni reallığın formalaşması kimi dəyərləndirib. Onun sözlərinə görə, bu mərhələ sülh gündəliyinin daha da aktuallaşmasına səbəb olub.
Etibar Əliyev sonda qeyd edib ki, Cənubi Qafqazda gələcək inkişaf üçün sabitlik, əməkdaşlıq və sülh proseslərinin davam etdirilməsi vacibdir.










