Sabiq deputat: Heç kim Azərbaycanla hədə-qorxu dilində danışa bilməz
İranın Naxçıvana PUA-larla zərbəsi ilə əlaqədar prezident İlham Əliyevin, bütövlükdə Azərbaycan dövlətinin və cəmiyyətinin tutduğu mövqenin və sərt reaksiyasının alternativsizliyi heç kəsdə şübhə döğurmur.
Bunu ERAmedia-ya açıqlamasında Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli deyib.
Sabiq millət vəkili İranın Naxçıvana mülki obyektlərə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirməsini sərt şəkildə qınayıb və Azərbaycanın dövlətinin mövqeyini müdafiə edib.
Q.Əlibəyli bildirib ki, İran rejimi ilk dəfə deyil ki, Azərbaycan Respublikasına qarşı belə təxribatlar və terror aktları həyata keçirir. O qeyd edib ki, İran dəfələrlə Azərbaycanın hava və su məkanını pozub, 44 günlük Vətən müharibəsi dövründə isə ölkəmizin quru sərhədlərinə müdaxilə cəhdləri göstərib. Hətta İran Azərbaycanın sərhədlərinə yaxın ərazilərdə hərbi təlimlər keçirib və Ermənistanı öz “qırmızı xətti” hesab etdiyini dəfələrlə bildirib.
Sabiq deputat vurğulayıb ki, İranın Tehrandakı səfirliyimizə qarşı törətdiyi terror aktları, Zəngəzur dəhlizinə qarşı açıq mövqeyi və Türkiyə–Azərbaycan birliyinə, bütövlükdə türk dünyasının inteqrasiyasına qarşı münasibəti Azərbaycanın milli təhlükəsizliyi üçün real təhdid təşkil edir.
“İranın Naxçıvana, özü də mülki obyektlərə PUA-larla zərbə endirməsi, İran rəsmilərinin hədə-qorxu siyasətindən əməli fəaliyyətə keçdiyinin göstəricisidir. Bu hücum Azərbaycan dövlətinə və cəmiyyətinə qarşı illərlə davam edən düşmənçiliyin nəticəsidir və milli təhlükəsizliyimizə, ərazi bütövlüyümüzə və dövlət suverenliyimizə qarşı növbəti qəsddir,” – deyə Qulamhüseyn Əlibəyli qeyd edib.
O bildirib ki, Azərbaycan dövlətinin və cəmiyyətinin, eləcə də siyasi qüvvələrinin İranın bu təxribatına sərt reaksiyası tamamilə haqlıdır. Sabiq deputat vurğulayıb ki, digər dövlətlərin bu hücumu pisləməsi Azərbaycanın beynəlxalq aləmdə apardığı siyasətin uğurunu və ölkəmizin mühüm beynəlxalq iştirakçı kimi rolunu göstərir.
Əlibəyli həmçinin diqqət çəkib ki, bu hadisə bir daha sübut edir ki, heç kim Azərbaycanla hədə-qorxu, təxribat və terror vasitəsilə danışa bilməz və ölkəmiz milli təhlükəsizlik, ərazi bütövlüyü və dövlət suverenliyinə qarşı xarici təhdidlərə qarşı birgə mövqe nümayiş etdirə bilir.









