Sabiq deputat Kembric nümunəsindən danışdı
İkinci Dünya müharibəsi illərində İngiltərənin Kembric şəhərində baş verən maraqlı tarixi hadisə yenidən gündəmə gəlib. Müharibənin ən ağır gecələrinin birində Kral Kollecinin damına çıxan iki məşhur alim kollecin tarixi simvolunu alman bombardmanlarından qorumaq üçün keşik çəkiblər.
Bu barədə Milli Məclisin sabiq deputatı, təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında danışıb. Onun sözlərinə görə, kollecin damında keşik çəkən şəxslərdən biri iqtisadiyyat elminin banilərindən hesab olunan John Maynard Keynes, digəri isə məşhur avstriyalı iqtisadçı və filosof Friedrich Hayek olub.
Etibar Əliyev bildirib ki, alimlər kollecin damındakı, təxminən 100 il əvvəl quraşdırılmış kult xarakterli ikonanın zədələnməməsi üçün böyük riskə gediblər. Onların əsas məqsədi alman təyyarələrinin atdığı partlayıcı mərmiləri partlamadan əvvəl lopata vasitəsilə kənara atmaq idi.
Sabiq deputatın fikrincə, bu hadisə böyük alimlərin yalnız elmi fəaliyyətlə deyil, həm də mənsub olduqları elm və təhsil ocaqlarının qorunması ilə yaxından maraqlandıqlarını göstərir.
“Sonralar həmin alimlər öz bilikləri, araşdırmaları və dərsləri ilə Kral Kollecinin və ümumilikdə Kembric məktəbinin dünyanın ən nüfuzlu təhsil mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynadılar”, – deyə Etibar Əliyev vurğulayıb.
Vüsalə









