Sabiq deputat: “Kitabxanaçıları attestasiya adı ilə işsiz qoymaq olmaz”
Milli Məclisin sabiq deputatı Etibar Əliyev kitabxana əməkdaşlarının attestasiya nəticəsində işdən azad edilməsini tənqid edib.
ERAmedia xəbər verir ki, Etibar Əliyev Mədəniyyət Nazirliyinin kitabxana əməkdaşlarını attestasiyadan keçirməsi və bunun nəticəsində çoxsaylı insanların işsiz qalmasını düzgün hesab etmədiyini bildirib.
Etibar Əliyev qeyd edib ki, kitabxana işçilərinə hər zaman böyük rəğbətlə yanaşıb. Onun sözlərinə görə, onlar uzun illər cüzi əməkhaqqı ilə ömürlərini kitab işinə həsr edib, ağır və şəraitsiz mühitdə çalışıblar. Sabiq deputat hesab edir ki, bu insanlar peşəkarlıqları, xarakterləri və nəciblikləri ilə bir-birlərinə bənzəyirlər.
O bildirib ki, kitabxana işinin mahiyyətindən xəbərsiz olan şəxslər bu insanların əməyini və fədakarlığını tam qiymətləndirə bilməz. Etibar Əliyevin fikrincə, indiki dövrdə formal attestasiya adı altında kitabxanaçıların işsiz qoyulması ədalətli yanaşma deyil.
Sabiq deputat vurğulayıb ki, ölkədə minlərlə kitabxananın bağlanması özü-özlüyündə işsizlər ordusunun yaranmasına səbəb olur. O hesab edir ki, fəaliyyətini davam etdirən kitabxanalarda çalışan əməkdaşlara toxunmağa ehtiyac yoxdur və onların ən az təcrübəli əməkdaşı belə kitab sahəsini rəhbər şəxslərdən daha yaxşı bilir.
Etibar Əliyev Mədəniyyət Nazirliyinə çağırış edərək bildirib ki, attestasiya adı ilə insanları işsiz qoymaq əvəzinə yeni nəsil kitabxanalar yaradılmalı, mövcud kitabxanalar yeni ədəbiyyatlarla təmin edilməli, bərbad vəziyyətdə olan kitabxanaların maddi-texniki bazası yaxşılaşdırılmalıdır. O, həmçinin kitabxanaçıların peşə hazırlığı kurslarına cəlb edilməsinin, yalnız bundan sonra hər hansı qiymətləndirmə prosesinin həyata keçirilməsinin daha məqsədəuyğun olacağını qeyd edib.










