media-1731010520_susa_qalasi_2024-cu_ilin_aprelinde

Milli Məclisin sabiq deputatı Etibar Əliyev Şuşanın həm tarixi-mədəni irsi, həm də müasir inkişaf konsepsiyası baxımından Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrildiyini bildirib.

Etibar Əliyev ERAmedia-ya açıqlamasında qeyd edib ki, o, hələ 2022-ci ilin oktyabr ayında Milli Məclisin Elm və təhsil komitəsinin Şuşada keçirilən iclasında çıxışı zamanı şəhəri “kreativ şəhər” adlandırmışdı.

Onun sözlərinə görə, “kreativ şəhər” anlayışı ötən əsrin 90-cı illərindən sosiologiyada geniş şəkildə öyrənilir və şəhərin yalnız memarlıq deyil, həm də tarixi yaddaşı, emosional atmosferi, rəngi, səsi, qoxusu və sosial həyatı ilə xarakterizə olunduğunu ifadə edir.

“Şəhərin hər detalında onun tarixi yaşayır. Şəhərin fərdiliyi, emosiyası, dirçəlişi və hətta çöküşü olur. Bu xüsusiyyətlər şəhəri canlı orqanizm kimi təqdim edir. Şuşanın dirçəliş dövrü başlayıb və bu gün o, sözün əsl mənasında kreativ şəhərdir”, – deyə sabiq deputat vurğulayıb.

Etibar Əliyev bildirib ki, Şuşanın təhsil və maarifçilik ənənələri də bu statusu təsdiqləyən mühüm faktorlardandır. O xatırladıb ki, Yusif Vəzir Çəmənzəminli 117 il əvvəl Şuşa Realnı məktəbini Qafqazın ən qabaqcıl təhsil ocaqlarından biri kimi qiymətləndirib, Əhməd bəy Ağaoğlu isə 1896-cı ildə şəhərin türk məhəlləsində ilk qiraətxana və kitabxananı yaradıb.

Sabiq deputat Ümummilli Lider Heydər Əliyevin 1982-ci il yanvarın 24-də Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmək üçün qarlı və sərt hava şəraitində Şuşaya səfərini də xüsusi tarixi hadisə kimi dəyərləndirib.

Onun sözlərinə görə, Şuşa işğal altında olduğu illərdə xalqın qəlbində sağalmayan yara idi və şəhər azad edildikdən sonra ilk görüntüləri müharibənin ağır izlərini daşıyırdı.

“Vaqifin məqbərəsi xarabalıqlar içində qolu-budağı qırılmış ağacı xatırladırdı. Sanki məğlubiyyətin səssiz şahidi idi. Bu gün isə həmin məqbərə Azərbaycanın Böyük Zəfərinin rəmzinə çevrilib”, – deyə Etibar Əliyev bildirib.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşa yeni inkişaf mərhələsinə qədəm qoyub və artıq qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir.

Etibar Əliyevin fikrincə, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən IV Şuşa Qlobal Media Forumu şəhərin intellektual tarixində xüsusi yer tutur.

Sabiq deputat forumun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunun müasir dövrün çağırışlarına tam uyğun olduğunu bildirib. O vurğulayıb ki, tədbirdə 53 ölkədən 160 nümayəndənin, o cümlədən 30 xəbər agentliyinin, 60-dan çox media qurumunun və 10 beynəlxalq təşkilatın iştirak etməsi Şuşanın beynəlxalq nüfuzunun daha da artdığını göstərir.

Etibar Əliyev Prezident İlham Əliyevin forum çərçivəsində jurnalistlərin çoxsaylı suallarına verdiyi cavabları da yüksək qiymətləndirib.

“İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Con Neş deyirdi ki, istedadlı insanlar sualdan əvvəl cavaba hazır olurlar. IV Şuşa Qlobal Media Forumunda bütün dünya Prezident İlham Əliyevin yüksək intellektinin, dərin analitik təfəkkürünün və güclü intuisiyasının bir daha şahidi oldu. Verilən bütün suallar dolğun, məntiqli və məzmunlu şəkildə cavablandırıldı”, – deyə sabiq deputat əlavə edib.


media-adspc

Bənzər xəbərlər