Sabiq deputatın mərhum Xalq şairi haqqında yazdıqları qalmaqal yaratdı
Milli Məclisin sabiq deputatı Etibar Əliyev sosial şəbəkə hesabında mərhum Xalq şairi Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadənin onun barəsində səsləndirdiyi fikirlərə sərt münasibət bildirib.
ERAmedia xəbər verir ki, Etibar Əliyev paylaşımında Nazim Həsənzadənin onu azərbaycanlı hesab etməməsi və ölkədən qovulması ilə bağlı çağırışını “XXI əsrin neofaşizmi” adlandırıb.
Sabiq deputat qeyd edib ki, Prezident İlham Əliyev çıxış və müsahibələrində dəfələrlə ölkədə fikir plüralizminin və tənqidin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, fərdin yaradıcı şəxslər barədə sərbəst fikir bildirmək hüququna qarşı yönələn təhdidlər dövlət başçısının bu çağırışlarına ziddir.
Etibar Əliyev paylaşımında Nazim Həsənzadəyə müraciətlə yazıb:
“Tam arxayın ol. Mənim meyidim də bu ölkədə qalacaq və mən məmləkəti sizdən az sevmirəm. Mənim bu ölkəni sevməyənlərə qarşı apardığım amansız mübarizənin 1 faizini belə etməmisən.”
O, daha sonra Nazim Həsənzadənin onun ədəbi zövqünə münasibət bildirməsini də tənqid edib:
“Nazim əkə! Mənim şeir zövqümə niyə soxulursan? Mən cavan ölmüş şairlərin poeziyasını çox sevirəm. Əl çəkdin?”
Paylaşımının sonunda isə Etibar Əliyev Nazim Həsənzadəyə atasının kitablarının satışı ilə bağlı ironiya dolu sual ünvanlayıb:
“Və bir də məni ölkədən qovmaq çağırışından sonra soraqlaş ki, dədənin il boyu neçə kitabı satılıb?”
Etibar Əliyevin yazdıqları müzakirələrə səbəb olub. Mətbuat Şurasının sədri Rəşad Məcid sabiq deputatının yazdıqlarına münasibət bildirirək qeyd edib ki, bu polemikanın vaxtı düzgün seçilməyib.
“Xalq şairinin vəfatı günlərində bunu söyləməyinin, onu hansısa şairlərlə müqayisə etməyinin insanların hisslərinə toxuna biləcəyi şəksiz idi. Nazim Həsənzadənin reaksiyasından xəbərim yoxdur.
Bunu belə qabartmağının da tərəfdarı deyiləm. Qaşınmayan yerdən qan çıxartmağa nə hacət? Payızda sevdiyin şairlər barədə bir məqalə yazarsan, oxuculara poetik zövqünü çatdırarsan”, – deyə o əlavə edib.
Mələk Onur










