“Sağlam həyat tərzi” Alt İşçi Qrupunun iclası keçirilib
Azərbaycan Respublikasının 2027–2030-cu illər üçün Sosial-iqtisadi inkişaf Strategiyasının layihəsinin hazırlanması çərçivəsində Naxçıvan Muxtar Respublikası üzrə yaradılmış “Sağlam həyat tərzi” Alt İşçi Qrupunun növbəti iclası keçirilib.
ERAmedia xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri, Alt İşçi Qrupunun rəhbəri Samiq Sadıxov çıxış edərək görülmüş işlər və sağlam həyat tərzinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Bildirilib ki, əhalinin sağlam həyat tərzinə cəlb edilməsi, profilaktik tədbirlərin gücləndirilməsi və sağlamlıq maarifləndirilməsinin genişləndirilməsi istiqamətində bir sıra addımlar atılıb.
İclasda iştirak edən qurum nümayəndələri müxtəlif sahələr üzrə görülən işlər, qarşıda duran hədəflər və yeni təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı sağlam həyat tərzinin formalaşdırılması istiqamətində həyata keçirilən layihələrdə koordinasiyanın daha da gücləndirilməsi, əhali arasında sağlam qidalanma, təmiz ekoloji mühit və fiziki aktivliyin təbliği ilə bağlı təkliflər səsləndirilib.
İclasın sonunda qarşıdakı dövrdə görüləcək işlər, prioritet istiqamətlər və icra mexanizmləri müəyyən olunub, həmçinin birgə fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı tövsiyələr irəli sürülüb.









