“Şair oxumayan şairin anasını da ağladar” – Famil Mehdidən yadda qalan cavab
Şair, publisist və pedaqoq Famil Mehdinin tələbələri ilə bağlı yaddaşlarda qalan maraqlı xatirələrindən biri onun son dərəcə tələbkar müəllim olması ilə bağlıdır.
ERAmedia xəbər verir ki, Famil Mehdi dərsə hazır gəlməyən tələbələrinə qarşı güzəştə getməyən müəllim kimi tanınıb. Tələbələrini bəzən “Səni universitetdən qovacam” sözləri ilə qorxutsa da, onun bu hədəsi heç vaxt real nəticə ilə yekunlaşmayıb və Famil Mehdi heç bir tələbəsinin universitetdən qovulmasına nail olmayıb.
Onun dərslərindən yüksək qiymət almaq isə tələbələr üçün asan məsələ sayılmayıb. Famil Mehdi üçün tələbənin şair və ya yazıçı olması da xüsusi güzəşt səbəbi deyildi.
Bu xüsusiyyətini əks etdirən məşhur əhvalatlardan birində bir şair imtahana hazırlıqsız gəlir. Müəllim ona “2” qiyməti yazır. Şair isə Famil Mehdidən qiyməti dəyişməsini xahiş edərək “Famil müəllim, şair də şairin qiymətini kəsərmi?” deyir.
Famil Mehdinin cavabı isə onun tələbkarlığını ifadə edən məşhur ifadələrdən birinə çevrilir:
“Şair oxumayan şairin anasını da ağladar”.
Bu əhvalat sonradan “Azərbaycan lətifələri” kitabında da yer alıb.
Famil Mehdi təkcə tələbkarlığı ilə deyil, yetişdirdiyi kadrlarla da yadda qalıb. Pedaqoji fəaliyyəti dövründə yüzlərlə jurnalistin formalaşmasında rol oynayan müəllim tələbələrindən bilik, məsuliyyət və zəhmət tələb edib.
Famil Mehdinin anım günündə onun keçmiş tələbələri və yaradıcılığına bələd olanlar müəllimi həm tələbkarlığı, həm də yetişdirdiyi jurnalist nəsli ilə xatırlayırlar.
Allah rəhmət eləsin.
Vural










