Samiq Sadıxov Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin I kurs tələbələri ilə görüşüb
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Samiq Sadıxov Naxçıvan Dövlət Universitetində təhsil alan Tibb fakültəsinin I kurs tələbələri ilə görüş keçirilib.
ERAmedia-ya bu barədə Muxtar Respublikasının Səhiyyə Nazirliyindən məlumat verilib.
Görüşün əsas məqsədi tələbələrin gələcək ixtisas seçimi prosesində doğru qərar vermələrinə təşviq göstərmək, eləcə də səhiyyə sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə onları məlumatlandırmaqdır.
Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Səhiyyə naziri Samiq Sadıxov çıxışı zamanı həkimlik peşəsinin şərəfli və məsuliyyətli bir sənət olduğunu vurğulayıb, bu yolun həm çətinlikləri, həm də böyük mənəvi dəyər daşıdığını qeyd edib. Nazir bildirib ki, COVID-19 pandemiyası səhiyyə sahəsinin cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu bir daha açıq şəkildə göstərib.
Daha sonra nazir 2023-cü ildən etibarən muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən islahatlar, yeni tibb müəssisələrinin yaradılması, mövcud infrastrukturun yenilənməsi, maddi-texniki bazanın gücləndirilməsi, səhiyyə sisteminin rəqəmsallaşdırılması və kadr potensialının artırılması istiqamətində görülmüş işlər barədə geniş məlumat verib. O həmçinin Tibb fakültəsinin VI kursu bitirən məzunlarının işlə təmin olunması istiqamətində atılan addımları diqqətə çatdıraraq, bu imkanların gələcəkdə digər tələbələr üçün də yaradılacağını qeyd edib.
Samiq Sadıxov çıxışının sonunda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tələbələrin hər zaman yanında olduğunu, onların inkişafına və təhsil prosesinə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb
Görüş tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.









