Samsunu sel basdı – Yaralılar var
Türkiyənin Samsun vilayətinin Havza rayonunda güclü yağış fəsadlara səbəb olub.
ERAmedia xəbər verir ki, rayon mərkəzindən keçən Hacı Osman və Tersakan dərələrində suyun səviyyəsi yüksəlib. Bəzi ərazilərdə daşqınların baş verdiyi bölgədə bələdiyyə əməkdaşları xüsusi texnikalar vasitəsilə təmizləmə və bərpa işlərinə başlayıblar.
Güclü yağış nəticəsində bəzi evlərin və iş yerlərinin zirzəmi və aşağı mərtəbələrini su basıb. Yollarda da iri su yığıntıları yaranıb.
Orhan Tavlı daşqınla bağlı açıqlamasında hadisə nəticəsində ilkin mərhələdə can itkisi və ağır xəsarət barədə məlumat daxil olmadığını bildirib. O qeyd edib ki, bölgəyə valilik, AFAD, Böyükşəhər Bələdiyyəsi, rayon bələdiyyəsi, polis və jandarma qüvvələri cəlb olunub və operativ işlərə başlanılıb.
Bölgədə araşdırmalar aparan Murat İkiz isə sakinlərə başsağlığı verərək bildirib ki, ciddi maddi ziyan qeydə alınıb.
Bundan əlavə, vətəndaşlara məxsus xüsusi texnikalar da təmizlik işlərinə cəlb olunub. Sakinlər ev və iş yerlərində yığılan su və palçığı təmizləməyə çalışırlar.
Meteorologiya xidməti daha əvvəl Samsun ərazisində lokal güclü yağış və şimşəkli leysan olacağı barədə xəbərdarlıq etmişdi.
Son məlumata görə, Havzada baş verən sel və daşqın nəticəsində yaralanan 12 nəfər xəstəxanaya yerləşdirilib. Müxtəlif bədən xəsarətləri alan şəxslərin həyatına təhlükə olmadığı bildirilib. Yaralılardan bəziləri öz imkanları ilə Havza Dövlət Xəstəxanasına müraciət edib, digərləri isə təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Yaralılardan 11 nəfərin ambulator müalicəsi davam edir. 83 yaşlı Əli Ö. adlı sakin isə daşan dərədən qorunmaq üçün bir müddət bina kənarındakı dəmir profillərdən tutaraq suda gözləməli olub. Yaşlı olduğu üçün onun müşahidə altında saxlanıldığı qeyd edilir.
Sel nəticəsində bəzi məktəblərdə ziyan və təmizlik ehtiyacı yarandığından, əlverişsiz hava şəraiti səbəbilə Havza rayonunda tədris bir günlük dayandırılıb.
Samsun valisi Orhan Tavlı sel bölgəsində yenidən araşdırmalar apararaq sakinlərə keçmiş olsun diləklərini çatdırıb.
Vüsalə










