Samuxda fitosanitar monitorinqlər aparıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Samux rayonunda karantin tətbiq edilən zərərverici – Amerika ağ kəpənəyinin yayılma vəziyyətinin öyrənilməsi və ona qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə fitosanitar monitorinqlər aparıb.
ERAmedia-ya bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Monitorinqlər zamanı rayonun Salahlı, Kəsəmənli, Qarabağlı və Poylu kəndlərində ilk dəfə Amerika ağ kəpənəyinin populyasiya sıxlığı qeydə alınıb. Zərərverici əsasən xurma bağlarında aşkar edilib.
Zərərvericinin yayılmasının qarşısını almaq məqsədilə mexaniki mübarizə tədbirləri görülüb. Kimyəvi mübarizə tədbirlərinin təşkili ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb.
Eyni zamanda, təsərrüfat sahibləri və sakinlərlə maarifləndirici görüşlər keçirilib, onlara zərərvericilərə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib və bukletlər paylanılıb.









