Samuxda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib - FOTO
Heydər Əliyev Fondu tərəfindən Samux rayonunun Alıuşağı kəndində yeni inşa olunan tam orta məktəb binası istifadəyə verilib.
ERAmedia xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan söz açılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn layihələrinin əhəmiyyətindən, bu layihələrin paytaxtla yanaşı, regionları da əhatə etməsindən bəhs olunub. Vurğulanıb ki, Fondun yeni təhsil ocaqlarının inşası və istifadəyə yararsız olan müəssisələrin yenidən qurulması istiqamətində gördüyü işlər dövlətin təhsil sahəsində apardığı siyasətə dəstək olaraq, gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almasına töhfədir.
Diqqətə çatdırılıb ki, 70-dən artıq yaşı olan Samux rayon Alıuşağı kənd Mirzə Fətəli Axundov adına tam orta məktəbin yenilənməsinə ehtiyac var idi. Belə ki, 1953-cü ildə inşa olunan təhsil ocağı ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən 2024-cü ildə üçmərtəbəli, 4 korpusdan ibarət yeni məktəb binasının inşasına başlanılıb. Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, STEAM mərkəzi, hərbi təlim, tibb, əmək təlimi otaqları, eləcə də məktəbəqədər sinif otağı, kitabxana, yeməkxana, akt və idman zalları qurulub, məktəbin ərazisində açıq idman meydançası yaradılıb. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılaraq ağac və kol bitkiləri əkilib.
Yeni məktəb binasının istifadəyə verilməsinə ən çox sevinənlər müəllim kollektivi və şagirdlərdir. Məktəbin şagirdi Turan Əsədzadə deyir ki, onun üçün ən sevincli günlərdən biridir: “Əvvəlki məktəb binası ilə yenisi müqayisə olunmazdır. Sinif otaqlarımız geniş və işıqlıdır, fizika, kimya, kompüter və digər otaqlarımız var. Həmçinin məktəbimizdə idman zalı və meydança da var. Çalışacağıq ki, dərslərimizi daha yaxşı oxuyaq, Vətənə layiqli oğul olaq”.
Azim Həşimov da şagird yoldaşı kimi yeni məktəbdən çox razıdır: “Köhnə məktəb binası belə deyildi. Yeni binamızda yaxşı təhsil almağımız üçün hər şey nəzərə alınıb. Çalışacağıq ki, dərslərimizi oxuyub, əla qiymətlər alaq. Bütün otaqlar gözəldir, ən çox informatika otağımız xoşuma gəldi. Burada kompüter biliklərinə daha yaxşı yiyələnəcəyik”.
Məktəbin direktoru Musa Əsədov bildirib ki, yeni binanın inşası kollektiv üçün ən böyük hədiyyədir. “Müasir tələblərə cavab verən məktəbimizin olması bizi ruhlandırır. İnanırıq ki, məktəbimizin nəticələri bundan sonra daha da yaxşı olacaq”, – deyə məktəbin direktoru qeyd edib.