Sanksiyalar, büdcə kəsiri və böhran riski: Putin Rusiyanı maliyyə iflasına aparır
Ukraynaya qarşı müharibə fonunda Rusiya ciddi iqtisadi çətinliklərlə üzləşir və 2026-cı ildə vəziyyət daha da ağırlaşa bilər.
ERAmedia xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
ABŞ prezidenti Donald Trampın Rusiyanın guya Ukraynaya qarşı müharibədə üstünlüyünü qoruduğu barədə bəyanatlarına baxmayaraq, ölkədəki iqtisadi göstəricilər tam əks mənzərə ortaya qoyur.
Məqalədə qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin hərbi xərcləri maliyyələşdirmək üçün əvvəllər mövcud olan pul ehtiyatlarının və borc resurslarının böyük hissəsini artıq xərcləyib. Qarşıda isə ölkəni yeni maliyyə sınaqları gözləyir.
ABŞ-ın Rusiyanın neft sektoruna qarşı tətbiq etdiyi yeni və sərt sanksiyalar büdcə kəsirini daha da artırır və maliyyə sistemi üçün əlavə risklər yaradır. Məhdudiyyətlər “Rosneft” və “Lukoil” daxil olmaqla ən iri şirkətləri əhatə edib. Nəticədə Moskva nefti bir barel üçün 20 dollardan artıq endirimlə satmağa məcbur qalır.
Ekspertlər bildirirlər ki, neft-qaz sənayesi sürətlə böhran mərhələsinə yaxınlaşır və yeni sanksiyalar bu prosesi daha da sürətləndirir.
Məqalədə vurğulanır ki, gələn il, hətta Kremlin müharibənin dayandırılması ilə bağlı danışıqlarda sərt mövqedə qalacağı təqdirdə belə, ödənişlərin gecikməsi və bank böhranı riski mövcuddur.
İqtisadçılar hesab edirlər ki, 2026-cı il müharibənin Rusiya iqtisadiyyatı üçün real mənada ağır nəticələr doğuracağı ilk il ola bilər.
Bununla belə, Rusiya elitasının əksər nümayəndələri iqtisadi çətinliklərin kütləvi sosial etirazlara və ya Kremlin siyasi qərarlarına ciddi təsir göstərəcəyini gözləmir.
Xatırladaq ki, 2025-ci ilin sonuna doğru Rusiyada iqtisadi vəziyyət pisləşməkdə davam edir. İnflyasiyanın sürətlənməsi, hərbi xərclər səbəbindən büdcə kəsirinin artması və neft-qaz gəlirlərinin azalması fonunda iqtisadi artım templəri nəzərəçarpacaq dərəcədə zəifləyib.
Qeyd edək ki, Rusiyada Yeni il bayramlarına hazırlıq da istehlakçı fəallığının azalması şəraitində gedir. Qiymət artımı ölkə vətəndaşlarını xərclərini azaltmağa və əvvəlki vərdişlərindən imtina etməyə məcbur edir.
Vural Həsənoğlu









