media-1599827954327_njyt2nsb

media-media-photo_5463144451887795364_m-ka3f0s

Rəsul Mirhəşimli

Şifahi xalq yaradıcılığı bir etnosun ilkin mədəniyyətini əks etdirməklə yanaşı, tarixi-etnoqrafik mənzərənin düzgün təsvir olunmasına da imkan yaradır. Azərbaycan xalq mahnılarının böyük bir qismində musiqi ilə müşayiət olunan dərin məna və kədərli, qüssəli əhval-ruhiyyə var. Musiqinin bu qədər qəmli ahəngə malik olması xalqın qarşılaşdığı problemlərin və çətinliklərin məcmusu ilə bağlı ola bilər. Lakin ümumi mənzərədəki lirik məna xalqın mədəniyyətini formalaşdırır. Mahnıların əksəriyyətinin məzmununu isə yarımçıq qalmış sevgi, həsrət və kədər təşkil edir. Mahnıların lirik məzmununa nəzər salarkən onların yaranma tarixini araşdırmazdan əvvəl “mahnı” sözünün etimologiyasını təqdim etmək lazımdır.

Tədqiqatçılar “mahnı” sözünün mənşəyi ilə bağlı irəli sürülən fikirlərin əksəriyyətində bu sözü türk boyunun adı ilə əlaqələndirirlər. Bayatı janrı Bayat türk boyunun adını daşıdığı kimi, mahnı sözünün də Mani türk boyunun adı ilə əlaqəli olduğu bildirilir. Bu sözün digər türk xalqlarında fərqli leksik xüsusiyyətləri var. Lakin mənanın açıqlanmasına yönəlmiş semantik təhlil eyni mahiyyəti üzə çıxarır. Bu söz musiqi əsəri mənasını ifadə edir. Türkiyədə “şarkı” (bu musiqinin “Şərqə – Doğuya” aid edilməsi səbəbindən belə bir fonetik forma aldığı irəli sürülür – R.M), türkmənlərdə “xoyrat”, Azərbaycan türklərində isə “mahnı” adlandırılır. Bununla belə, musiqinin obrazlı ifadəsi baxımından məna dəyişmir. Axısqa türkləri də bayatı və xoyratlara bənzər şeir formaları yaradıblar. Kiçik bir şeir parçası dərin lirik məna daşıyır. Məsələn, Axısqa türklərinin vətən həsrətini bir mani vasitəsilə necə parlaq şəkildə ifadə etdiklərinə nəzər salaq:

Sögüd dalın cift tutem,
Altun atem, cift tutem.
Bir vatana kavuşsam,
Altı yıl oruc tutem.

Bu maninin yaranma tarixi o qədər də qədim deyil. Gürcüstan ərazisində yaşayan Axısqa türklərinin sovet dövründə sürgün edilməsindən sonra yaranan bu mani vətən həsrəti çəkən insanların dərdini ifadə edir.

Şərq xalqlarının mahnı janrı kiçik həcmli nümunələrdə dərin mənalar ehtiva edir. Azərbaycanda mahnı yaradıcılığı bir zamanlar xalqın etnoqrafiyasını, mədəniyyətini və gündəlik həyatını özündə birləşdirə bilib. Bu janr daha çox fərdi xarakter daşıyır; mahnıların əksəriyyətində aşiq-məşuq əzabları özünü göstərir. Bəzən mahnı mətnləri ictimai və siyasi mühitin təsiri ilə qadağalara məruz qalıb. Bu musiqi nümunələrinin ilkin variantlarından bəziləri günümüzə dəyişdirilmiş şəkildə gəlib çatıb. Lakin sovet rejiminin süqutu belə, mahnıların əsl məzmununu bərpa edə bilməyib. Xalq mahnılarından birinin sözləri belədir:

Dağlardan aşdım, düzə qoymadılar,
Bəzəndim gəldim, sizə qoymadılar…

Folklorun çoxvariantlı olması prinsipinə əsaslanaraq, hər hansı bir nümunənin müxtəlif formalarda mövcudluğunu göstərmək mümkündür. Lakin burada əsas məsələ həmin mahnının sözlərinin sovet dövründə məqsədli şəkildə dəyişdirilməsidir. Məqsəd Quzey Azərbaycanda yaşayan insanların yaddaşından Güney Azərbaycandakı yer adlarını silmək idi. Mahnının ilkin məzmunu belə olub:

Dağlardan aşdım, Xoya qoymadılar,
Bəzəndim gəldim, toya qoymadılar.

Göründüyü kimi, Cənubi Azərbaycandakı Xoy şəhərinin adı mahnının sözlərindən çıxarılaraq tamamilə başqa məna yaradılıb. Kasıb bir insanın varlıların toyuna buraxılmaması faktı xalqımızın nağıl nümunələrində də öz əksini tapır.

Mahnıların ədəbi-lirik məzmununa diqqət yetirməklə onların yaranma tarixini də aydınlaşdırmaq mümkündür. Bu günədək müğənnilərimizin ifasında səslənən və olduqca məşhur olan “Apardı sellər Saranı” xalq mahnısı müəyyən bir tarixi dövrdə yaranıb və tanınmış bir şəxsiyyətin adı ilə əlaqələndirilib. Cənubi Azərbaycanın Qaradağ bölgəsinin Üşdibin qəsəbəsində yaşamış Azərbaycan şairi Əbülqasim Nəbati həm də “Xançoban” təxəllüsü ilə tanınır. Şairin XIX əsrdə yaşadığını nəzərə alsaq, mahnının da onun yaşadığı illərdə yarandığını söyləmək mümkündür. Mahnının sözlərinə nəzər saldıqda, sevgilisinin faciəli şəkildə vəfat etdiyi bildirilən şairin təxəllüsünün mətnə daxil olduğunu görürük:

Gedin, deyin Xançobana,
Gəlməsin bu il Muğana.
Muğan batıb nahaq qana,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.

Azərbaycan xalq mahnıları arasında tarixi-etnoqrafik xüsusiyyətləri əks etdirən ən qədim nümunələrdən biri “Sarı gəlin” mahnısıdır. Adındakı rəng bildirən söz onun həqiqi etimologiyasının araşdırılmasını zəruri edir. Qeyd etmək lazımdır ki, bu mahnıda “sarı” sözü rəng mənasında işlənmir. Çünki burada həmin söz zəriflik mənasını ifadə edir. Simvol kimi “sarı” ifadəsi daha çox incəliyi və zərifliyi bildirir. Sarı sim (tel) musiqi alətlərində ən zərif və kövrək xüsusiyyətə malikdir. “Qəlbimin sarı siminə toxundu” ifadəsində kimsə qəlbinin telləri arasında ən zərif olanın məhz sarı rəngdə olduğunu iddia edə bilərmi? Mahnının sözlərində ifadə olunan fikirlər isə qədim adət-ənənələri və etnoqrafik məzmunu əks etdirir:

Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər.
Bu sevda nə sevdadır?
Səni mənə verməzlər.

Gülün sulu, yəni şehli halda dərilməsi onun tez solmasına səbəb olur. Bu misralarda bir insanın yarımçıq qalmış sevgisinin faciə ilə nəticələnən hekayəsi təsvir edilir. Gülün şehli halda dərilməsi onun solmasını və ölümünü simvolizə etdiyi kimi, saçın ucunun hörülməsi də qadının həyatındakı ağrını ifadə edir. Əri vəfat etmiş qadınların saçlarının ucunun hörülməsi bir çox türk xalqlarının mədəniyyətində etnoqrafik məna daşıyır. Dərin hüzn elementlərini özündə ehtiva edən bu xalq mahnısının yaranma tarixinin İslamın türklərin yaşadığı ərazilərə yayılmasından əvvəlki dövrlərə aid edildiyini söyləyənlər də vardır.

Bu gün xalq mahnıları kimi tanınan nümunələrin bəziləri müəllifi məlum olmayan və müəyyən bir hadisənin təsiri ilə yaranmış əsərlərdir. “İrəvanda xal qalmadı” mahnısının sözləri və musiqisi Azərbaycanın tanınmış sənətkarı Cabbar Qaryağdıoğluna məxsusdur. Xalq şənliklərinin birində yaranan bu musiqi təxminən iki yüz ildir ki, eyni populyarlıqla ifa olunur.

Bəzən mahnılar öz müəlliflərini təqiblərə də məruz qoya bilir. Qarabağdan olan görkəmli sənətkar Xan Şuşinskinin müəllifi olduğu “Şuşanın dağları” mahnısı sovet dövründə onun üçün müəyyən problemlər yaradıb. Mahnıda yer alan ifadələr siyasi məna olaraq qəbul edilib və müəllifin təqiblərlə üzləşməsinə səbəb olub.

Dinləyiciyə olduqca sadə görünən bu cür musiqi nümunələri əslində dərin mənalar daşımaqla yanaşı, yaşandıqları dövrün ictimai münasibətlərini də özündə əks etdirir. Buna görə də bəzən yalnız bir insanın çəkdiyi dərd və əzabı ifadə edən folklor nümunələri tarixi-etnoqrafik mənzərənin gerçək təsvirini ortaya qoyur. Bu nümunələr onların yaradıcısı olan türk xalqının nə qədər qədim və fəlsəfi dünyagörüşünə malik olduğunu günümüzə çatdırır.

 


media-adspc

Bənzər xəbərlər