media-177799349641286587_1200x630

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı monitorinq keçirilib. Yoxlamalar çərçivəsində 10 ərzaq bazarı, 8 ticarət obyekti, 14 idxalçı anbarı və 61 ictimai iaşə müəssisəsinə baxış keçirilib.

ERAmedia-ya bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, yoxlamalar zamanı “Keşlə Bazarı”, “Özbək Bazarı”, “Sahil Bazarı” və “Yaşıl Bazar”da nöqsanlar aşkar edilib. Bu obyektlərdə etiketsiz, müşayiətedici sənədləri olmayan, yararlılıq müddəti bitmiş məhsulların, həmçinin “Keşlə Bazarı”nda təbii farel kürüsü adı ilə süni kürü satıldığı, “Özbək Bazarı”nda isə süni kürülərin etiketsiz qablaşdırmada satışa çıxarıldığı müəyyən edilib.

Bundan əlavə, 2 ticarət obyektində də (“Balique 2023 LTD” MMC və “Natural Fish”) pozuntular – etiketsiz, müşayiətedici sənədləri olmayan və yararlılıq müddəti bitmiş məhsullar aşkarlanıb. Götürülən nümunələrin müayinəsi nəticəsində 1 kürü məhsulunda (“Natural Fish”) bakteriya (Listeria monocytogenes) aşkar edilib.

Yoxlamalar zamanı 1 idxalçının anbarında (“Food Fish” MMC) məhsulların laborator nəticələri və sağlamlıq aktı olmadan satışa çıxarıldığı müəyyən edilib. Həmçinin süni kürü istehsalı ilə məşğul olan obyektlərdən 1-nin qeydiyyatsız fəaliyyət göstərdiyi məlum olub.

Ümumilikdə 15, 325 kiloqram qırmızı kürü və 800 qram qara kürünün etiketsiz olduğu və müşayiətedici sənədlərinin olmadığı, 678 qram qırmızı və 1, 243 kiloqram qara kürünün isə yararlılıq müddətinin bitdiyi aşkarlanıb.

Sınaq nəticəsi uyğunsuz olan və yararlılıq müddəti bitmiş bütün məhsullar satışdan çıxarılıb və məhv edilib. Nəzarət tədbirləri davam etdirilir.

Qeyd edək ki, agentlik tərəfindən həm süni, həm də təbii kürü məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılır və norma daxilindədir. Lakin təbii kürü adı ilə süni kürü məhsullarının satışa təqdim edilməsi istehlakçının aldadılmasıdır və bu hal inzibati məsuliyyət yaradır.

Monitorinq keçirilən ictimai iaşə obyektləri və şadlıq evlərinin siyahısı ilə buradan tanış ola bilərsiniz.


media-adspc

Bənzər xəbərlər